Nazirliyin büdcəsi 11 dəfə artıb

nazirliyin-budcesi-11-defe-artib-
Oxunma sayı: 1042


“Qafqazinfo” xəbər verir ki bu sözləri Daxili İşləri naziri Ramil Usubov Azərbaycan polisinin yaranmasının 96-cı ildönümü ilə bağlı tədbirdə çıxış edərkən deyib. Nazir qeyd edib ki, ötən 11 ildə fəaliyyətin qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması, cəmiyyətin maraqlarına tam cavab verməsi məqsədilə 332 fərman və sərəncam imzalanıb. Bu dövrdə Nazirliyin büdcəsi 11 dəfə artıb ki, onun da 72 faizi sosial yönümlüdür. Nazirliyin aparatının struktur qurumları, ərazi polis orqanları və Daxili Qoşunlar üçün 319 sosial obyekt tikilmiş, 3 mindən çox avtomobil alınıb.

Nazir əlavə edib ki, prezidentin tapşırıq və tövsiyələrinə uyğun həyata keçirilən kompleks tədbirlər, o cümlədən vətəndaş məmunluğunun təmin edilməsi istiqamətində sistemli fəaliyyət orqan və hissələrdə qanunçuluğu əhəmiyyətli dərəcədə möhkəmləndirib. 2013-cü ildə və cari ilin ötən dövründə 31 mindən çox ərizə və şikayət araşdırılıb, eləcə də Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və respublikanın müxtəlif bölgələrində 7 minə yaxın vətəndaş qəbul edilib. Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülmüş, əksəriyyəti yerində həll olunub. Həyata keçirilmiş hərtərəfli islahatlar, innovasiya və modernləşmə fəaliyyətinin keyfiyyətcə yeni müstəviyə yüksəlməsi cinayətkarlığın, onun transmilli mütəşəkkil növlərinin təhdidlərinə möhkəm sipər çəkməyə, vətəndaşlarımızın qanuni mənafelərini etibarlı müdafiə etməyə tam imkan verir.