Nazirliyin İctimai Şurasının ilk iclası keçirilib

nazirliyin-ictimai-surasinin-ilk-iclasi-kecirilib
Oxunma sayı: 650

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, F. Ələkbərov artıq Şuranın Əsasnaməsinin və fəaliyyət istiqamətlərinin müəyyən edildiyini diqqətə çatdıraraq, nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə təkliflərin hazırlanmasında, nazirlik tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin və görülən işlərdə şəffaflığın artırılmasında, mütərəqqi beynəlxalq təcrübədən istifadə imkanlarının araşdırılmasında İctimai Şuranın əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.
İclasda Şuranın tərkibində 4 istiqamət (Dövlət sosial yardımları; Dövlət sosial xidmətləri; Əlilliyin müəyyən olunması və əlillərin tibbi-sosial reabilitasiyası; İşsiz və işaxtaran vətəndaşlar üçün sosial müdafiə tədbirləri) üzrə işçi qruplarının yaradıldığı qeyd olunub. Hər bir işçi qrupda Nazirliyin nümayəndələri seçilmiş istiqamət üzrə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları və Ombudsman Aparatı ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyətlərini davam etdirəcəklər. Həmçinin növbəti ildən bütün ölkədə tətbiqi planlaşdırılan Özünədəstək - Sosial Yardım Proqramına cəlb olunacaq ailələrin seçilməsi işlərində nazirliyin və ictimai təşkilatların nümayəndələri birgə fəaliyyət göstərəcək. Əsasnaməyə əsasən, İctimai Şuranın səlahiyyət müddəti iki ildir və bu müddətin başa çatmasına bir ay qalmış Şuranın yeni tərkibi formalaşdırılacaq.
İclasda irəli sürülən təkliflərə Şuranın tərkibindəki işçi qrupları tərəfindən baxılaraq müvafiq tədbirlər görüləcəyi bildirilib.

Nigar Məmmədli