Nazirliyin məhsulları “MILEX-2019” sərgisində nümayiş etdiriləcək

nazirliyin-mehsullari-milex-2019-sergisinde-numayis-etdirilecek
Oxunma sayı: 650

Mayın 15-də Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə Minsk şəhərində “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi keçiriləcək.

"Qafqazinfo" Müdafiə Sənayesi Nazirliyinə istinadən xəbər verir ki, dörd gün davam edəcək sərgi çərçivəsində VIII Müdafiə və Təhlükəsizlik Sahəsində Hərbi-Texniki Əməkdaşlıq Sualları üzrə Beynəlxalq Elmi Konfrasın keçirilməsi də planlaşdırılır. Tədbirdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi də təmsil olunacaq.

2001-ci ildən etibarən iki ildən bir keçirilən “MILEX” sərgisinə Müdafiə Sənayesi Nazirliyi bu günə qədər rəsmi heyətlə qatılıb. İştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunan bu sərgidə nazirlik ilk dəfə stendlə təmsil olunacaq və məhsullarını mümayiş etdirəcək. Bununla bağlı müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Minskdə səfərdə olacaq.

Hərbi təyinatlı məhsulların istehsalında daxili tələbatın qarşılanması ilə yanaşı, ixrac imkanlarının genişləndirilməsini də nəzərə alan Müdafiə Sənayesi Nazirliyi “MILEX-2019” sərgisində də əsasən ixrac yönümlü məhsullarını nümayiş etdirəcək. Bu məhsullardan snayper tüfənglərini, avtomatları, hücum pulemyotlarını, qumbaraatanları, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və s. göstərmək olar.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Belarusun dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.

Qeyq edək ki, Müdafiə Sənayesi Nazirliyi bu günə qədər 40-dan çox beynəlxalq sərgiyə qatılıb və məhsullarını nümayiş etdirib.