Nazirliyin nümayəndələri Moskvada “Rabitə” sərgisində iştirak edir

nazirliyin-numayendeleri-moskvada-rabite-sergisinde-istirak-edir
Oxunma sayı: 1172

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti Rusiyanın paytaxtı Moskva şəhərində bu gün öz işinə başlayan “Svyaz-2019” 31-ci Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgisində iştirak edir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini Zamin Nurəhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə “Bakı Telefon Rabitəsi” MMC və “AzInTelecom” MMC-nin mütəxəssisləri daxildir. Nümayəndə heyəti sərgi çərçivəsində keçirilən forumda ölkəmizi təmsil edib, sərgiyə təşkil edilən VİP turda iştirak edərək sahə üzrə işgüzar münasibətlərin genişləndirilməsi üçün bir sıra görüşlər keçiriblər. Rusiyanın rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Oleq İvanovla ikitərəfli görüşdə informasiya-kommunikasiya texnologiyaları sahəsində ölkələrarası əməkdaşlıq müzakirə olunub.

Aprelin 26-da başa çatacaq sərgidə Azərbaycanla yanaşı, 15 ölkədən – Belarus, Almaniya, İsrail, İran, İtaliya, Kipr, Çin, Koreya, Latviya, Niderland, Rusiya, Rumıniya, ABŞ, Finlandiya, Fransadan 392 şirkət iştirak edir.