“Nə dərəcədə şirin dilli olduqlarını siz bilərsiniz”

ne-derecede-sirin-dilli-olduqlarini-siz-bilersiniz
Oxunma sayı: 656

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Moldovanın “Şerif” klubu ilə oyun öncəsi mətbuat konfransı keçirib. 

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis “Azərsun Arena”da jurnalistlərin suallarını cavablandırıb.

- Çox vacib oyuna çıxırıq. Bu mərhələdəki matça ciddi hazırlaşırıq. Hərçənd, vaxtımız olsa da, rəqibi yaxından tanımağa çalışırıq. “Şerif” çox təcrübəli komandadır, yayda xeyli futbolçu alıb. Təcrübəli italiyalı baş məşqçiləri var. Rəqibdə bir-birini tamamlayan futbolçular var. Meydanda düşündüyümüzü həyata keçirməyə çalışacağıq. Bu, nə dərəcədə alınacaq, rəqibi meydanda görəndən sonra biləcəyik. Yaxşı hazırlaşmışıq.

- Rəşad Sadıqovla Dani Kintananın sabah oynamaq şansı varmı?

- Hər ikisi sabah oynamayacaq. Ancaq bu gündən artıq tam gücüylə komanda ilə məşq edirlər. Başqa zədəli futbolçumuz yoxdu. Elşən Abdullayev də kiçik zədəsini sağaldıb. Abbas Hüseynov komanda ilə birgə hazırlaşır.

- Əksəriyyət düşünür ki, "Qarabağ" bu mərhələni də asanlıqla keçəcək. Bu haqda nə düşünürsünüz?

- Bir tərəfdən sevindiricidir ki, bizə inanırlar. Ancaq həmişə ehtiyatlanmışıq. Çünki hərə öz ölkəsinin çempionudur. Hər turnirin öz xüsusiyətləri var. Çempionlar Liqasında bu mərhələ daha önəmlidir. Çünnki pley-offa çıxan Avropa Liqasının qrupuna vəsiqəni təmin edir. Ona görə də həddən artıq ciddi olmalı, kənar amillərə fikir verməməliyik. "Şerif"də 7 ölkədən legioner çıxış edir. Elə rəqib deyil ki, onu asanlıqla keçək. "Şerif" də bu mərhələni keçmək haqda düşünür. Bizim də onların açıqlamalarından məlumatımız var.

- Çox azarkeşlər "Qarabağ"dan ÇL-nin qrupuna düşməyi gözləyir. Bu, komandaya psixoloji cəhətdən necə təsir göstərir?

- Bunun müsbət və mənfi tərəfləri var. Bizim üçün vacib olan sabahkı rəqibdir. İndi ancaq qarşıdakı rəqiblə oyunu düşünürük. Qrupa düşmək üçün hələ 2 mərhələ keçməliyik. Pley-offa çıxsaq, onda qrup haqda düşünə bilərik. Gəlin özümüzü aldatmayaq. Elə mərhələyə çatmamışıq ki, 90 dəqiqə istədiyimizi meydanda yerinə yetirək. Bu mərhələ elədi ki, futbolçunu çox da yormur. İndiki vaxtda komandanın çox oyun keçirməsi vacibdi. Bu zaman meydanda anlaşma yaxşı olur. "Şerif" son çempionat oyununda bəzi futbolçularına istirahət vermişdi. Çempionatla Çempionlar Liqası fərqli turnirlərdir. "Şerif"in çempionatda xal itirməsi daha ciddi hazırlaşma sövq edə bilər.

- "Şerif" son 3 ildə III təsnifat mərhələsində rəqiblərlə necə müqayisə edərdiniz?

- Mən heç vaxt heç bir rəqibi bir-biriylə müqayisə etmək istəməzdim. Bəli, "Zalsburq"la bizə çox çətin olmuşdu. Ancaq "Viktoriya"dan yaxşı oynamışdıq. Sadəcə, çoxlu qol imkanlarını boşa verdik və rəqib səfər qolu ilə mərhələ keçdi.

- Start heyətini artıq özünüz üçün müəyyən etmisiniz?

- Mənə bu haqda bir neçə dəfə sual olub. Start heyəti həmişə baş məşqçinin beynində our. Təxmini bilirəm. Ancaq bu gün oyundan öncə açıqlamaq fikrində deyiləm.

- "Qarabağ" Ağdam işğalı günü Şəhidlər Xiyabınını ziyarət etdi. Matçın işğal günlərinə təsadüf etməsi komandaya əlavə qələbə məsuliyyəti verirmi?

- Bizdə belə düşüncə yoxdu ki, Ağdamın işğalı günündə qalib gələk, başqa oyunlarda yox. Qarabağ torpaqlarının əldən getməsi bizə əlavə məsuliyyət verir. Həmişə çalışırıq ki, "Qarabağ" adını qoruyaq. Yeni legionerlərimiz Şəhidlər Xiyabınını ziyarət edəndən sonra Qarabağ, Ağdam haqda daha çox məlumat əldə etdilər.

- "Şerif"i keçəndən sonra yeni transferlər gözlənilir?

- Bizim transfer siyasətimiz mərhələ adlayıb-adlamamaqdan asılı deyil. Bu gün də bəzi futbolçularla danışıqlar gedir. İnşallah, keçsək, istədiyimiz futbolçuları almağa çalışacağıq. Xoşlamıram ki, 4-5 futbolçu gəlsin-getsin. Bizim öz oyun üslubumuz var və ona uyğunları alarıq. Ola bilər ki, hansısa transferlərdə səhv edirik. Allah eləməsin, mərhələ keçməsək belə, "hə" cavabını gözlədiyimiz legionerləri almaq fikrindəyik.

- Hansı mövqeləri transferlər etməyi düşünürsünüz?

- Hücum xəttinə düşünürük. Ancaq şəxsi fikrə görə transfer etmirik. Məsələn, Mahir Mədətovun son vaxtlar oyunu məndə müsbət fikir oyadıb. Ancaq bu, o demək deyil ki, Mahir və ya digərinə görə hücum xəttini futbolçu almaq istəyirik. Çünki zədə, cəza amili var və sərəncamımızda çox futbolçunun olmasını istəyirik.

- "Qəbələ" əyalət komandası olsa da, çoxlu legioner alır. Ancaq "Qarabağ" Bakıda məskunlaşıb. "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bəyan edib ki, onlara Avropadan çox pul verdiklərindən gətirə bilirlər...

- Hansı klub futbolçu transfer etməkdə çətinlik çəkmir ki? Hətta "Real, "Barselona"da belə problem olub. "Qəbələ"də çox futbolçu getdiyindən heyətdə boşluqlar yaranmışdı. Bizdə isə az futbolçu gedib. Biz Azərbaycanda legionerə ən çox ödəyən klub olmuşuq, hətta klubuna transfer məbləği ödəyirlər.

- Bəlkə "Qəbələ"nin menecerləri şirin dillidir...

- Onu siz tanıyırsınız, nə dərəcə şirin dilli olduqlarını siz deyə bilərsiniz (gülür). Mən deyə bilmərəm.

- Riçard Almeydanın komanda yoldaşı deyib ki, əvvəl 500 avroya oynayıb, indisə "Qarabağ"da 500-550 min avrodur. Bu, nə dərəcədə həqiqətə uyğundur?

- Həmin məbləğin neçə ilə aldığını soruşmusan?

- Yox.

- Mən Almeydanın əvvəl 500 avroya oynadığını eşitmişəm. Klub futbolçunun məvacibini açıqlamır.

- Rəşad Sadıqov qayıdandan sonra onu layqincə əvəzləyən Yakub Jejniçakla arasında necə seçim edəcəksiniz?

- Təki Rəşad sağalsın, qayıtsın, qalanı önəmli deyil. Biz bu məsələdə problem görmürük.