“Nə ixtiyarın var ki, qadına belə müraciət edirsən?!” - Fotolar+Video

ne-ixtiyarin-var-ki-qadina-bele-muraciet-edirsen
Oxunma sayı: 10121

Əməkdar artist Lalə Məmmədovanın “Qafqazinfo”ya müsahibəsi:

- Lalə xanım, niyə həmişə hamı birincini gözləyir? Niyə musiqi sahəsində yaranan problemləri daha əvvəl yazmırdız? Bunu Afaq Bəşirqızından sonra etmək daha asandır, razısız?

- İnstaqram səhifəmə diqqət yetirsəz, ürəyimdən keçən hər bir sözü orada yazmışam. Gördüyüm əksər problemləri işıqlandırmışam, haqq səsimi ucaltmışam. Sadəcə olaraq niyə Afaq xanımdan sonra? Əfsuslar olsun ki, sözügedən görüşdə mən yox idim. Bilmirəm mənim yerimdə milli estradamızın digər nümayəndələrindən orada iştirak edən olsaydı həmin problemləri işıqlandıra biləcəkdilər, yoxsa yox! Şəxsən mənim ürəyim çox doludur. Yazdığım status aysberqin görünən tərəfidir. Görünməyən tərəfləri də var. Çox ümid edirəm ki, indi səsləndirəcəyim fikirlərimi lazımı orqanlar dinləyəcək, hardasa məni anlayacaqlar.  Bilirəm ki, Mehriban xanım bu sahəyə çox həssaslıqla yanaşır. İnanıram ki, dediklərim ona çatdırılacaq. 

Milli estrada ifaçısıyam, yaradıcılıq yolu keçmişəm, yaddaqalan mahnılarım var. Bilirik ki, bizim əzəldən opera, qərb musiqisi doğma musiqimiz olmayıb. Daha sonradan Üzeyir Hacıbəyov tərəfindən milli musiqi xalqa təqdim olunub, məktəbi yaradılıb. Bəstəkar sinifləri qurulub və gözəl mahnılar hazırlanıb. Onlar mahnı  janrı yaradıblar. Nəzər salın, Şövkət Ələkbərova muğam ifaçısı, Rəşid Behbudov isə opera ifaçısı olub. Ancaq onlar mahnı janrında ifa etdikləri əsərlərə görə populyarlıq qazanıblar. Daha çox festivallarda, qastrollarda, mədəniyyət günlərində mahnı janrlarında çıxış ediblər. Keçən əsrin ortalarında Niyazi və Tofiq Quliyevin birgə yaratdığı caz-estrada simfonik orkestri yaranıb. Mən bunları niyə danışıram? Bütün bunlar olmasaydı, bəlkə də indi danışmazdım. 

Prezident və onun xanımı ilə keçirilən görüşdə muğam, opera sahəsində bir yox, bir neçə nümayəndə təmsil olunurdu. Təəssüf elədim ki, milli estrada sahəsindən olan nümayəndələrimiz niyə yoxdur? Özümü kənara qoyuram, Nisə Qasımova, Flora Kərimova, Akif İslamzadə sözünü demiş, kənara çəkilmiş insanlardır. Onlar yox idisə, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Faiq Ağayevi misal çəkə bilərəm. Axı onlar estradada bəlli iş görmüş, imzalarını qoymuş insanlardır. Bir nümayəndə belə olsa, hansısa problemimizi qabarda bilərdi. Heç olmasa deyə bilərdilər ki, hörmətli prezident, bizim yığışa biləcəyimiz bir məkan yoxdur. Azərbaycanda aktyorlar üçün, opera ifaçıları üçün teatrlar var. Milli estradanın isə belə bir məkanı yoxdur. Amma əslinə qalanda Rəşid Behbudov adına Mahnı Teatrı yaradıldı. Bura mahnı teatrıdır və mahnı janrında ifa edən sənətçilər ora yığışmalı idilər. İndi sual versəm ki, həmin teatr indi nə vəziyyətdədir? Siz də mənim sualıma cavab verə bilməyəcəksiz.  

Mənim iştirakımla 2011-ci ildə Mədəniyyət Nazirliyinin sərəncamı ilə kiçik bir estrada ansamblı yarandı. Həmin ansamblın üzvləri mən, Teymur Əmrah, Eldar Məmmədov, İsgəndər Ələsgərov, Tofiq və Ruslan müəllim idi. Yəni 4 musiqiçi və iki solisti ikicə il saxlaya bildilər, sonra ləğv olundu. “Ürəyimdəsən” konsertimi izləsəz, görəcəksiniz ki, ora əlavə musiqiçilər gətirmişdim, amma 3 gün konsert verdim. Balaca bir məkana öz estrada ifaçılarımızı yığmaq olmaz? Niyə Elnarə Xəlilova öz tələbələri ilə hansısa məktəbdə, kənar bir yerdə məşğul olmalıdır? Niyə o hərbi oskestrdə çalışmalıdır? O hərbi müğənni deyil axı. Eləcə də Samirə Allahverdini, Səbinə Babayevanı, Natavan Həbibini, Röya Ayxanı, Nurlan Növrəslini misal çəkə bilərəm. İlqar Xəyal hansı teatrdadır?  

- Necə düşünürsüz, sizin problemlərinizi həmin görüşdə səsləndirə biləcək bir incəsənət nümayəndəsi var idimi? Yəni sizi orada kiminsə təmsil etdiyini düşünürsüz? Zeynəb Xanlarova, Fərhad Bədəlbəylini misal çəkə bilərəm.

- Zeynəb xanım milli estrada yox, xalq üslubunda oxuyan ifaçıdır. O, böyük sənətkardır, sözünüdemiş bir insana fikrimi deməyə belə haqqım çatmır. Mən indi milli estradanı nəzərdə tutub danışıram. Yenə deyirəm, bizim bir səhnəmiz, tabe olduğumuz qurum olmalıdır. İndi biz havadayıq. Fərhad müəllim klassik musiqi janrının nümayəndəsidir. Birbaşa o sahə ilə bağlı olan insandır. Mənə elə gəlir ki, bizim problemimizi Siyavuş Kərimi işıqlandıra bilərdi. O, mənim müəllimimdir. Çünki əvvəl Milli Konservatoriyada çalışırdım. Siyavuş müəllim milli estrada vokal sinfi açıb, məncə o, bu problemi qabarda bilərdi.

Bundan əlavə, bir məsələni də sizə çatdırmaq istərdim. Hər il hörmətli prezident tərəfindən mədəniyyət xadimlərinə təqaüdlərin verilməsi barədə sərəncam imzalanır. Sizə sual verirəm, adlarını sadaladığımız şəxslərin hansısa birinin adını görmüsüz? Belə çıxır ki, siyahıda olan şəxslərin ehtiyacı var, bizim isə yoxdur. Bilirəm ki, cənab prezidentin siyahıda olanlara bir-bir baxmağa vaxtı yoxdur. Fikir versəz, hər il onların 80 faizi eyni insanlardır. Əgər hər il eynidirsə, onlara ömürlük təqaüd versinlər, biz də bilək ki, vəziyyət belədir. Bəlkə səhv deyirəm? Elə olmamalıdır, bölünməlidir. İndiyənə kimi orada bir estrada ifaçısı olmayıb. Uzağı bir-iki caz ifaçısının adına rast gələ bilərik.  

- Son illər estrada müğənnilərinə daha çox fəxri adlar aid edilir, amma təqaüdlər mədəniyyət xadimlərinə verilir. Hamıda belə bir fikir yaranıb ki, estrada müğənniləri toylardan, xalq məclislərindən çox pul qazanırlar. Ola bilərmi təqaüdlərin belə bölünməsinin səbəbi budur?

- Muğam ifaçılarımıza Allah cansağlığı versin, heç kəsin xətrinə dəymək istəmirəm. Onların tabe olduğu qurum, teatr var. Məgər muğam ifaçıları toya getmir? Onlar toyda olsa belə bizim qədər xərcləri olmur. 

Birinci bundan başlayaq ki, mən sırf toy müğənnisi deyiləm. Xərclərim digər musiqiçilərdən ona görə çoxdur ki, özüm mahnı janrında oxuyuram, silahım mahnıdır. Bunu əldə etmək üçün bəstəkara müraciət edirəm. Bəstəkarın gəliri yoxdur, məndən pul gözləyir. Mahnını alıb aranjimançıya verirəm, təbii ki, ona da qonorar ödəyirəm. Mahnı hazır olandan sonra klip çəkdirirəm, rejissor, montajçıya pul ödəyirəm. Sənətə aidiyyatı olmayan insanlar var, naxışı gətirib, populyardır və pul qazanır. Onun çıxıb efirdə dəbdəbəli evini, maşınını göstərməyi o demək deyil ki, mən də o vəziyyətdə yaşayıram. Mənim evim yoxdur, valideynlərimlə yaşayıram. Bu gün sırf açıqürəklə deyirəm ki, sənət fədaisiyəm. Qazandığım 90 faiz pul yaradıcılığımdadır. Hər şey bir kənara, iki övlad böyüdürəm. Görün nə qədər pul olmalıdır ki, bunlar ödənilsin. Mən bunları ağlamaq üçün demirəm, siz məni yaxşı başa düşürsüz. Belə bir deyim var: “İmama ağlayanda bir yezid üçün də ağlayın da”. Elə bil sahibimiz yoxdur. Allah rəhmət eləsin, sonda Oktay Ağayevin vəziyyətində olaq? 60-70 yaşımızda yada düşək, ev-eşiyimiz olmasın? Milli estradadan danışıram, kübar bir musiqi janrıdır. Daxili mədəniyyəti olmayan bu musiqi janrında oxuya bilməz. 

Digər həssas mövzu da budur. 3-4 il bundan əvvəl Vergilər Nazirliyi elə üstümüzə cumdu ki… Müfəttişlər, müstəntiqlər bizimlə elə rəftar etdilər ki, ele bil biz oğurluq etmişik, hansısa cinayətin başında tutublar. Mən belə şeyləri unuda bilmirəm. 

Həmçinin mahnılarımız üç əsas qolla xaricdə təmsil olunur. Biri muğam, digəri klassik opera, üçüncüsü isə sırf Qərb musiqisidir. Bu üç janrın arasında milli estrada janrı çöküb. Biz öz şəxsi hesabımıza milli estradamızı saxlayırıq. Milli estradanın nümayəndələri çox azdır, bizi toya möhtac etməyin. Biz konsertlər vermək, Mədəniyyət Nazirliyi tərəfindən tanınmaq istəyirik. Bu, bizim haqqımızdır. 

- Statusunuzda qeyd etmişdiz ki, pulsuz konsertlərdə çıxış edirsiz. Etmədiyiniz halda kanal sizə efir qadağası qoyur. Sizi kimlər pulsuz işlədir? Zəhmət olmasa, konkret müəssisələrin adını qeyd edin. Kimlər şantaj edir? 

- Demək, bölgələrdəki icra başçıları birinci televiziya prezidentləri ilə danışıqlar aparır, konsert təşkil edirlər. Çox gözəl bir yol tapıblar. Onlar kanala siyahı verir, iştirak edəcək müğənnilərin adlarını sıralayır. Biz sənətçilərə isə televiziyalardan zənglər gəlir. Mən belə başa düşürəm ki, icra başçıları bəlkə pulları kanallara ödəyir, onlar bizə vermirlər? Səsimizi isə çıxara bilmirik. Onda da deyirlər ki, efirə həsrət qalarsız. Mən bundan qorxmuram, sadəcə olaraq bizim ifaçıların əzilməyinə dözə bilmirəm. Gedib kiminsə səsini qoyub oxumuram. Allahın mənə verdiyi istedaddan faydalanıram. 10 milyon Azərbaycan xalqının 100 minində əsl istedad sahiblərini tapa bilməzsiz. Onları belə qırmaq, sındırmaq olmaz. 

Bundan əlavə, efirlərə gedirik, əsl sənəti olan insan efir saatını səmərəli şəkildə doldurur. Necə olur ki, Mən Türkiyəyə gedəndə istər özəl, istərsə də, dövlət kanalı tərəfindən çıxışımın müqabilində rəsmi sənəd gəlir və qonorar yazılır, imzam alınır. Söhbət qonorarın çoxluğu və azlığından getmir. Mən efir vaxtını doldururam və bir sənətçi kimi qiymətimi bilirəm. Nə vaxta kimi elə-belə oxumalıyam? Məsələn, radioda mahnılarımız səslənir. Başa düşürəm, orada səslənməsə mahnılarımız tanınmaycaq. Amma radio və TV-lərdə reklamlar gedir. Reklamlara pul verən sahibkar tək verilişin sponsoru deyil, eyni zamanda sənətçiləri qiymətləndirməlidirlər. Səsinizi çıxarın, görün nələr deyəcəklər. Bizi efirə pul verib çıxan gənc ifaçılarla səhv salmasınlar. 

Mən bilirəm ki, rəhbərliyin bunlardan xəbəri yoxdur. Açıq şəkildə deyirəm: televiziya və radiolarda bizə görə qonorar yazılır. İstəyirsiz inanın, istəyirsiz inanmayın. Efir vaxtı doldururuq. Açıq hava konsertləri çox olur, bir sənət yoldaşım çıxıb desin ki, həmin konsertlərdən qonorar alıram. 

- Səhv etmirəmsə, siz Milli Konservatoriyada da pedoqoq kimi çalışırdız. Fəaliyyətiniz davam edir? 

- Mən ingilis dili müəlliməsiyəm, filologiya üzrə fəlsəfə doktoruyam. Milli Konservatoriyada 16 il ingilis dilindən dərs keçmişəm, indi isə Milli Aviasiya Akademiyasında çalışıram. Bunun söhbətlərə aidiyyatı yoxdur. İfaçı və müəllimə olaraq çalışıram. Mən öz adımdan danışmıram, bütün ifaçıların adından deyirəm ki, bizim musiqiçiləri küskün salmayıb, Mahnı Teatrımızı bərpa edin. 

- Bizim ölkədə müğənnilərə hörmət azdır. Bəli, bunun müxtəlif səbəbləri var. Məsələn, onlar şiddəti təbliğ edən açıqlamalar verirlər. Buna görə də cəmiyyət onları ciddi qəbul etmir. Amma sizin kimi sosial problemləri ictimailəşdirən sənətçilər barmaqla sayılacaq qədərdir. Sualımın canı odur ki, müğənnilər arasında problemlərin əsas səbəbkarı elə müğənnilərdir.

- Hazırda efirlər internetdən asılı olmağa başlayıb. İnternetdə musiqiyə aidiyyatı olmayan, kefinə düşüb mahnı oxuyanları reytinq xətrinə efirə çağırırlar. Bu, o demək deyil ki, həmin şəxslər yaxşı ifaçıdır. Onların musiqiyə heç bir aidiyyatı yoxdur.  Sizin dediyiniz kimi günah bizim özümüzdə deyil, günah bizi küskün salanlardadır. Niyə efirə onları çağırmalıdırlar? Təəssüf ki, indi həm özfəaliyyət, həm də peşəkar bir qazanda qaynayır və qarışıq düşüb. Professional öz qədir-qiymətini yerə salmamaq üçün kənara çəkilir. Xahiş edirəm, siz estradanı başqaları ilə səhv salmayın. İfaçıların məişət zəmnində hansısa fikirlərinin səslənməsinin səbəbkarları verilişlərin aparıcılarıdır. Onlar şərait yaratmamalıdırlar. Aparıcı ki, müğənniyə “Ə, nə gözəl geyinmisən” deyir... Sənin nə ixtiyarın var ki, qadına belə müraciət edirsən?! Bundan əlavə, adi insan, yaşca böyük sənətçi ilə “Sən”lə danışırlar. Birinci bu aparıcılardan başlayaq. Daha sonra aparıcılara meydan yaradan televiziya rəhbərlərindən… Çünki reytinq insanların gözünü tutub, təki onların efirlərinə baxsınlar. 

- İndi hansı kanalı açırsan eyni insanlardır, hətta bir ifaçı eyni geyimdə bir gün ərzində bütün kanalları gəzir. Kobud desək, bir növ tamaşaçını özündən iyrəndirir. Siz də MTRŞ-yə müraciət edənlərdən olduz, amma MTRŞ bu məsələyə laqeyd yanaşdı. 

- Fikir verin, estrada ifaçıları bayağılıqdan özlərini qorumaq üçün kənara çəkiliblər. Müraciət olunan zaman sənətçilər hansı bayağılıqdan söhbət getdiyini qeyd etməli idilər. İnsanlar sənətçilər arasında yaranan bu bayağılığı konkret olaraq göstərməli idilər. İkincisi, bayaq sadaladığın aparıcılar efirdən yığışdırılmalıdır. Aparıcılar bugünkü gündə tamaşaçıları məcbur edirlər ki, oturub ailə-məişət zəmnində söhbətlərə qulaq assınlar. Sənətçini çox ucuzlaşdırmayın. Təsadüfi insanlarla sənətçiləri bir-birinə qatmayın. Əlbəttə özünə hörmət qoyan sənət adamı həmin aparıcılara vaxt sərf etməz. Özünə hörmət qoyan şəxs ailə-məişət söhbətləri etməz. Bu da onlar üçün maraqsız olar. 

- Sizin fəaliyyətinizin bir hissəsi AzTV-dən keçir. Kanalda rəhbərlik dəyişdi, yeni sədr solistlərlə görüşdümü? Onların gələcək siyasəti barədə danışıqlar olubmu? 

- Dövlət televiziyasının yeni rəhbəri solistlərlə hələ ki, görüş keçirməyib. 

- Köhnə rəhbərlik əksər mədəniyyət nümayəndələrinə qadağalar qoyub. Hətta özəl kanallar da bu siyasəti davam etdirir. Siz necə? Belə şeylərlə qarşılaşmısız?

- Mənim dövlət televiziyası ilə heç bir problemim olmayıb. Düşünürəm ki, dövlətin kanalı dövlətin sənətçilərinə hər zaman qapılarını açmalıdır. Mən belə hesab edirəm. 

Özəl televiziyalarda isə qadağalarla üzləşmişəm. Məsələn, ATV kanalının keçmiş rəhbərliyi tərəfindən gülməli bir səbəbə görə mənə qadağa qoyulmuşdu. Deməli, səbəb kimi efirə dəvət olunduğumu, amma övladımı gətirmədiyimi göstərmişdilər. Heç dəxli var? Körpə övladımı niyə efirə çıxarım? Bu məsələni iclasda qaldıran şəxs isə öz övladını bir neçə il mediadan uzaq tutdu. 

Çəkilişdə göstərdiyi dəstəyə görə "Kotanlı" restoranına təşəkkürlər!

Elvin Elxan

Foto-Video: Nuran Məmmədov