“Nə qədər erməni var e burda...”

ne-qeder-ermeni-var-e-burda
Oxunma sayı: 6702


ANS-in vitse-prezidenti Mirşahin Ağayev "Hesabat"da ermənilərə müraciət edib.

"Qafqazinfo" həmin süjeti təqdim edir:

ATƏT-in Minsk Qrupunun həmsədrləri,- yəqin ki, bu sözü artıq "həmsədr"dən "həmsöhbət"ə dəyişmək lazımdır,- bu həftə yenidən növbətçi dəfə Azərbaycana gəldilər və getdilər.

Həmsədrlik institutu fəaliyyətə başlayandan bəri ilk dəfə onlar Azərbaycanda demək olar ki, gözə çarpmadan oldular. Onları cəmisi bir nəfər qəbul etdi. O da müdafiə naziri.

Yəqin bu da elə ona işarə idi ki, danışmağa bir sözümüz yoxdur. Bu davranışa isə yəqin ki, həmsədrlərin və ya həmsöhbətlərin 20 illik fəaliyyətininin elə özü səbəb olmuşdu. Danışmaq getdikcə maraqsızlaşır. Elə ona görə də danışıqların son imkanlarından biri kimi maraqlı təşəbbüsümuz olacaq.

Dağlıq Qarabağda ermənilərin əslində nə qədər olduğunu ermənilər daha yaxşı bilir. Elə belə də yazırlar: nə qədər erməni var e burda. Olsun, lap elə 70 min, 80 min... Bundan artıq olmayacaq ki...

Bu sualı artıq ritorikləşdirən erməni mütəxəssisləri əhalinin böyük bir hissəsinin "nə sülh, nə müharibə" vəziyyətindən yorulduğunu ehtimal edir. Bu fürsətdən istifadə edib Dağlıq Qarabağda yaşayan sakinlərimizlə səmimi söhbət etmək istəyirəm.

.…Ay Qarabağın erməni sakinləri, Azərbaycanın sabahkı vətəndaşları! Özünüz də etiraf edirsiniz ki, Qarabağda çox az qalmısınız. 70 min, 80 min maksimum. Çox olmazsınız. Öz inadınıza görədir ki, köhnə vaxtın içində ilişib qalmısınız. Zaman isə sadəcə keçib, fikir verməmisiniz. Hamı bilir ki, harada yaşamasından, hansı dinə qail olmasından, hansı dildə danışmasından asılı olmayaraq insanın bir hədəfi var. O, sadəcə xoşbəxt olmaq istəyir. Biz sizi xoşbəxt olmağa dəvət edirik. Ona görə də ciddi düşünün. Siz də yorulmusunuz, biz də. Siz yorulmusunuz xoşbəxt həyat gözləməkdən, biz isə Şuşaya, Ağdama girəcəyimiz günün intizarında dayanmaqdan.

Azərbaycanın iqtisadi qüdrəti və imkanları o qədərdir ki, Qarabağı təmir edib abadlaşqdırmaq onun üçün su içimi kimi asan olacaq. Bu sözləri söz xətrinə demirəm. Bu gün biz adi bir yaşayış məntəqəsində əzəmətli, nəhəng bir binanı 5-6 aya tikirik. Qarabağda isə səyimiz birə-beş artacaq.

Əlbəttə, biz vuruşa da bilərik. Amma bu, yenidən insan itkisi demək olacaq, qan-qada, yeni dağıntılar demək olacaq. Bütün bunları xatırlatmaqda məqsədim odur ki, siz zaman itirirsiniz. Yadınıza salın. Bir zamanlar Stepanakert təkcə Gəncə və Bakıdan geri qalırdı. İndi isə özünüz nəticə çıxarın. Stepanakert Azərbaycanın ən kiçik bölgəsini belə özündən irəli buraxıb. Mən sizə bəzi kadrlar göstərəcəm. Gözümü yumub əlimi istənilən rayonun üzərinə qoyuram.

Başlayaq. Qəbələ... İndi "Azərbaycanın İsveçrəsi" adlandırılan, bir zamanlar Qutqaşen kimi tanıdığınız bu yaşayış məntəqəsi Qafqazın mərkəzlərindən biridir. Amma xatırlayın. Qutqaşen Stepanakertin qabağında adi bir əyalət şəhəri idi. Vur-tut 10 ilə belə dəyişdi. O səviyyəyə çatdı ki, burda indi beynəlxalq tədbirlər, sammitlər, festivallar keçirilir.

Bura Xaçmazdır. Azərbaycanın adi rayonlarından biri, amma əcnəbi qonağı belə öz eksklüziv gözəlliyi ilə heyrətləndirən qeyri-adi şəhər...

Bura Yevlaxdır. Baxın, tanımayacaqsınız. Hər addımı, hər qarışı ilə Azərbaycanın inkişafının küçə-küçə, prospekt-prospekt sübutu, təsdiqi...

Lənkəran... Onun hədəfi artıq dünyanın ən gözəl şəhərləri sırasına daxil olmaqdır. Qusar, Quba kimi…

Və belə nümunələrimiz çoxdur. Hər bir rayonun adını çəkə bilərəm və görəcəksiniz ki, bu inkişafa Azərbaycan məhz son bir neçə ildə nail olub. İndi isə baxın və görün ki, bu rayonlarla Qarabağın yerində sayan, 1990-cı ildə ilişib qalmış rayonları arasında nə qədər fərq var.

Dediyim budur ki, bu inkişaf tempindən geri qalmısınız. Bir yerdə olsaydıq, Azərbaycanın ümumi tərəqqi modelinin bir parçası tək siz də ümumi ansambla qatılardınız. Bu gün tikinti və inşaat sürəti o qədər dəyişib ki, Hadrutu, Martunini, Mardakerti yarım ilə yenidən qurmaq olar. Özü də bütün bunların Ermənistana da böyük faydası olacaq.

Təsəvvür edin, məsələnin həllindən sonra Ermənistan beynəlxalq təcriddən, tam blokadadan çıxır. Ermənistanla isə əlaqə saxlayın da yenə. Məgər buna mane olan var?! Yenə gedin, gəlin. Həmişəki kimi. Problem həll olunandan sonra mən də İrəvana gedərəm. Zəngəzura, Gorusa gedəcəm… Baxım görüm, qonşularımız necə yaşayır?.

Yorulmusunuz.

Gözləməkdən gözləriniz Ermənistan bayrağının ən alt rəngini alıb. Amma artıq dayanaq və düşünək. Başa düşürəm ki, kinlisiniz, inanmırsınız. İtkilər vermisiniz. Əlilləriniz var. Amma bu qarşılıqlı inamsızlıq şəraiti təkcə sizə xas deyil. Bu hisslər bizdə də var. Amma kim arayış verə bilər ki, daha nə qədər ömür qalıb? Başa düşürəm sizi, bir qarış torpaq da güzəştə getməyəcəyik, vuruşacağıq deyirsiniz. Amma biz də vuruşmuşuq, biz də itkilər vermişik.

Amma o gözəl gün hanı? Daha nə qədər gözləmək niyyətindəsiniz ki, o gözəl gün gəlsin?! Bəlkə o günün gəlməsini gözləməyəsiniz, özünüz o günün içinə gedəsiniz. Bütün gurultulu ideyalar, öz yerində. Amma hər kəs dünyaya bir dəfə gəlir, bu birdəfəlik ömrü xoşbəxt başa vurmaq istəyir.

Ona görə də fikirləşək. Ömrümüzü intizara bağlayır və dunyanı da elə bu intizarla tərk edirik. Artıq bir nəsil itirdiniz, ölüb getdi, heç nə görmədən, heç bir gün görmədən. İkinci nəsil də, üçüncü nəsil də ya beləcə ölüb gedəcək. Ya da xoşbəxtlik ardınca Rusiyaya, ən yaxşı halda Qərb ölkələrinə gedəcək. Özünüz də etiraf edirsiniz ki, hər il nə qədər erməni Qarabağdan çıxıb gedir.

Daşı ətəkdən tökmək lazımdır. Lazımdır ki, bu daşlardan elə sizin özünüzə bina tikək. Aydındır ki, qorxu içinizdə qalıb, yəni bizdən qorxursunuz.

Amma qorxmayın. Biz adamyeyən deyilik. Azərbaycan sizi öz vətəndaşları kimi qəbul etmək istəyir. Sizin nəğmələriniz kimi. Necə ki, Azərbaycanda qulaq asdılar və dünya dağılmadı. Aydın məsələdir ki, beş il əvvəl belə bir müraciəti heç təsəvvürümüzə belə gətirə bilməzdik. Amma zaman keçir, vəziyyət dəyişir, ölçülər də və şərtlər də dəyişir.

Düzdür, hər şey sizdən asılı deyil. Amma mənim sözüm məhz sadə sizədir. Artura, Mesropa, Şuşanikə, Haykanuşa… Bu müraciəti əslində məhz sizə, sadə erməniyə ünvanlayıram. Vəziyyəti siz dəyişə bilərsiniz. Əlbəttə, əvvəl-əvvəl çətin olacaq. Amma bundan mütləq keçmək lazımdır. Mən sizə qorxudan yox, etimaddan müraciət edirəm. O yerdə ki, birgə yaşayış mümkündür, orda ayrı yaşamaq lazım deyil. Biz isə birgə yaşamağa məhkumuq.

Vaxt gedir. Təkcə ölkələrimizin, dövlətlərimizin tarixindən yox, eləcə də hər birimizin ömründən… Özü də baxın a. Bu sözləri sizə ANS deyir. Ermənistan kütləvi informasiya vasitələrinin müharibə şahini adlandırdığı, patriot xəttin öncülü olan kanal. Deyiriksə, deməli, nəsə var. Nəyisə bilirik ki, deyirik. Biz ilk addımı atdıq və indi də cavab məktubunu sizdən gözləyirik.