“Nədi, mən fars knyazıyam, bəyəm?” - Andropov

nedi-men-fars-knyaziyam-beyem-andropov
Oxunma sayı: 2517


İndiyənə qədər Andropov haqqında çox yazılıb, amma bir çoxları üçün o hələ də tapmaca olaraq qalır. Y.V.Andropovun konservatizmi onun şəxsi həya¬tında da, davranışında da həmişə özünü bürüzə verirdi. O, həmişə insanlara qarşı sayıqlığı, ehtiyatlı münasibətilə seçilirdi. Şəxsi həyatında qapalı olması, iş yoldaşları ilə ünsiyyət saxlamaq həvəsinin olmaması ona xas olan xüsusiy¬yətlərdən idi. Y.V.Andropov çox vaxtı eyni tərzdə geyinərdi. Payızda və qış¬da uzun palto, qara şlyapa. Bəzən isə hətta yayda və isti havada da öz qara şlyapasından imtina etməzdi.
Onu çox çətinliklə yeni kostyum tikdirməyə, yaxud da paltosunun boyunluğunu, yeyilib-sürtüldüyündən, dəyişdirməyə razı salmaq olurdu. O imtina edirdi: “Lap yaxşı paltardı, hələ bir az da geyinmək olar.” Otaqdakı xalçanı dəyişdirmək üçün isə üç il dilə tutmaq lazım gəldi. “Nədi, mən fars knyazıyam, bəyəm?”- deyərdi.

Ad günlərini keçirməzdi. Heç bir banket, qonaqlıq olmazdı. Adamlar bir-bir gəlib, onu təbrik edərdilər. Baş katib olandan sonra belə, o dövrlər üçün də vaxtı keşmiş, köhnə, taxtadan olan bağ evindən köçmək istəməmişdi.

Ona çox hədiyyələr verilərdi. İçkilər, konyak, şərab bütün bunlar elə dərhal xüsusi bufetə göndərilərdi. Bahalı hədiyyələri isə Dövlət Mühafizəsinə keçirirdi. Danışırlar ki necəsə Taraki(Əfqanıstanın keçmiş dövlət başcısı-A.M.) ona xalı göndəribmiş. Kimsə təklif etdib ki,gəlin bunu İrinaya verək, təzəlikcə yeni mənzil alıb. O, isə: “Siz nə danışırsınız! Bu, dövlət xadiminin hədiyyəsidir, Siz isə onu qızıma verirsiniz! Dövlət Mühafizəsinin balansına verin”deyərək əmr vermişdi. 1982-ci ildə MK-yə gedəndə, iki otağı siyahı üzrə 5,5 min adda ona verilən hədiyyə ilə doldurmuşdular. Şəkilləri, heykəltaraşlıq əsərlərini o, DTK-nin hamilik etdiyi iki uşaq evinə verdi. Qiymətli metallaradan olan məlumatlar kəşfiyyata, simvollar isə çekist şöhrəti muzeyinə verildi.

O, əməksevər olduğundan, iş yoldaşlarına qarşı da tələbkar idi. Y.V.Andropov rəhbər orqanların üzvləri ilə hansısa dostluq münasibətlərindən qaçardı. Onu yaxından tanıyan insanlar danışırdılar ki, Y.V.Andropov ümumiyyətlə ona pərəstiş edilməsinə dözə bilmirdi. Hər dəfə ona onun çəkilmiş portretini gətirəndə, üz-gözünü turşudurdu: “İyrəncdi! Bunu harayasa aparıb gizlədin.” Şəkil çəkdirməyi də xoşlamazdı. Mərkəzi Komitəyə özü ilə yalnız iki şey gətirmişdi: Brokhauzun və Efronun ensklopediyasını və birdə ona doğma Rıbinskdə hədiyyə edilən sükan formasında olan saatı. Andropovun şer yazması barədə yalnız onun ölümündən sonra məlum oldu. Hərçənd, onun bu şerilərin hələ sağlığında ikən başqa təxəllüs altında çap etdirdiyini çox az adam bilir. Bunlardan birini, bir dənizçinin adı ilə, Çin ilə münaqişənin kəskinləşdiyi zaman Mao Tseduna müraciət formasında yazaraq, çap etdirmişdi. O, hələ gənc yaşlarından publisistika ilə də məşğul olur və onları mərkəzi qəzetlərdə dərc etdirirdi. Nümunə üçün, 1943-cü ilin 13 iyununda “Komsomolskaya pravda” qəzetində dərc olunmuş “Taxta gəmilərdə dəmir kimi insanlar üzür” başlıqlı məqaləsini misal çəkmək olar. O, bu məqalədə Türk-Tatar və Kazak simbiozuna xüsusi vurğu vururdu. O yazırdı: “Gənclərin iradəli və möhkəm olması tərbiyəsində adət-ənənlər böyük rol oynaya bilər.Kim məşhur kazak igidlərini, tatar sabuntuylarını xatırlamır”?

1982-ci ildə, Andropovun Sov.İKP MK- nin baş katibi seçilməsindən dərhal sonra, “Pravda” qəzetində dövlət rəhbərinin ilk rəsmi tərcümeyi-halı dərc olundu. Hər mətləbi sətirlər arasında oxumağı adət etmiş ictimaiyyətə bu tərcümeyi-hal çox qəribə görsəndi.Burada “milliyət” sütunu sadəcə, yox idi.

Bütün bunlar, onun anasının mənşəyi ilə əlaqəli idi.Onu(Y.V.Andropovun anasını-A.M.) körpə ikən o dövrdə zəngin tacir olan Kral Frinkşteynin qapısına qoymuşdular.Uşağın qoyulduğu toxunma zənbildə nə onun adı, nədə ki, onun valideynləri haqqında heç bir məlumat yazılıb qoyulmamışdı. Ona görə də tacir bu körpə qızı övladlığa götürməyi qərara alanda, ona öz soyadını verdi. Və beləcə Yevgeniya Karalovna Frinkşteyn yazılmış doğuş haqqında şəhadətnamə yarandı.

Əslində bu hadisə Rusiyada o vaxtkı siyasi şərait ilədə izah edilə bilər. On doqquzuncu əsrin sonlarında baş verən Balkan müharibəsindən sonra qafqaz xalqlarının böyük əksəriyyətinin Osmanlı Türkiyəsinə köçü başlandı.Buna isə Rusiyanın on illər ərzində, Qafqazın Osmanlı Türkiyəsinə rəğbət bəsləyən müsəlman əhalisinin bu ərazidən qovulması siyasəti səbəb olmuşdu.

Amma antropoloqlar arasında belə bir məsəl var: “Mənə üzünü göstər, kimliyini sənə deyim.”Ona görədə Andropovun sifət qurluşunun cizgilərinin xüsusiyyətləri və quruluşu onun Qafqazın yerli, xüsusilə də pontiy prupuna aid olan əhalisinə məxsusluğuna şəhadət verir və onun nə slavyanlara, nə də yəhudilərə aid olduğunu subut etmir.
İndi bir çox tədqiqatçılar Andropovun Stalinə rəğbətinin olmasından və onun idarəetmə prinsiplərinə yiyələndiyini xüsusi ilə qeyd edirlər.

Belə ki, Andropovun Lubyankaya gəlişindən sonra hərbi və yarım hərbi əməliyyatlar ilə kimi DTK-nin 1-ci Baş idarəsinin 8-ci şöbəsi məşğul olmağa başladı. Xaricdə fəaliyyət göstərən hərbiləşdirilmiş təşkilatlardan olan döyüşçülərin hazırlığı üçün məşq düşərgələri ilə bağlı işlər də bu şöbəyə aid edilir. Məhz, 1979-cu ilin dekabrında Hafizulla Əminin sarayı DTK əməkdaşları və xüsusi təyinatlı dəstələr tərəfindən alınmış, sarayın sahibi isə öldürülmüşdü.
Bunula belə , Andropov Siyasi Büroda etdiyi məruzələrində partiya daxili dissidentlər əleyhinə aparılan tədbirlərdə Suslovun nəzarət etdiyi ideoloji şöbənin tələb etdiyi kimi deyil, daha az adamın mühakimə olmasını və onların şirnikləndirilərək ələ alınmasını təklif edirdi.

Bu səbəbdən Andropovun DTK-nə rəhbərlik etdiyi dövrdə “anti-sovet” maddəsi üzrə cəmi 2 min adam mühakimə olunmuşdu. Lubyankanın veteranlarının xatirələrinə görə, bu mübahisələrdə Suslova fəal surətdə dəstək verən insanlardan biri o dövrdə onun tabeçiliyində olan, ideoloji şöbənin müdir müavini, sonradan isə demokratiya carcısı olacaq A.N. Yakovlev idi.
1976-cı ildə sonuncu insultdan sonra L.Brejnev faktiki olaraq ölkənin bilavasitə rəhbərliyindən uzaqlaşdı.

Bu zaman Fyodor Kulakov Brejnevin xələfi olmağa ən çox ehtimal olunan namizəd idi. Kulakov Xruşşov vəzifədən kənarlaşmasında iştirak etmişdi. Doğurdan da, Xruşşovun vəzifədən salınmasından bir ay sonra Kulakov Moskvaya gəlir və MK-nin kənd təsərrüfatı şöbəsinə başçılıq etməyə başlayır.

Bütün göstəricilərə görə o baş katib ola bilərdi, “yuxarıda” artıq qocalmış Brejnevi təntənə ilə təqaüdə yola salmaq və onun yerinə Kulakovu təyin etmək nəzərdə tutulurdu.

Lakin 1978-ci ilin iyununun 16-dan 17-nə keçən gecə Fyodor Kulakov “kəskin ürək çatışmamazlığı”ndan vəfat etdi. Yevgeni Çazovun başçılıq etdiyi tibbi komissiyada da bu sağlam və güclü adamın ölümünün səbəbinə heç bir aydınlıq gətirə bilmədi. Brejnevin, Kosıginin, Suslovun, Çernenkonun onun dəfninə getməməsi də insanlarda daha böyük şübhələr yaratdı.
Bu vaxtlar Brejnevin ətrafındakı iki liderin- Andropov və Çernenkonun “hakimiyyət uğrunda mübarizə”si güclənmişdi. Artıq Kreml intriqaları kəskin şəkil almışdı.

Andropov özündən sonra DTK sədri yerində özünün müavinlərindən birini Çebrikovu görürdü. Çünki, DTK sədrinin digər müavini S.Çviqun(Brejnev–Çernenko cəbhəsinin adamı sayılırdı –A.M.) özünə qəsd edib ölmüşdü, ikinci müavin Q.Çvinev(Brejnevin gənclik dostu-A.M) isə ağır xəstə idi. K.Çernenko, Andropovun DTK-dakı nüfuzundan ehtiyat edərək, bu yerə özünün yaxın adamını, Ukraynanın DTK-nin sədri V.V.Fedorçuku təklif edirdi.

ardı var