Nəfəs ala bilmirdi, biz isə özümüzü aldadırdıq...

nefes-ala-bilmirdi-biz-ise-ozumuzu-aldadirdiq
Oxunma sayı: 4554

Nərmin Dadaşova

İçəri şəhər metrosunun yaxınlığında Mir Mövsüm ağanın ziyarətgahı olduğunu bilirdim. Heç vaxt ziyarətə gedən adamları başa düşməmişəm. Mənim şüuraltımda belə bir inanc mövcud olmayıb. İnsanların kiminsə qəbrinin üstünə üç-beş qəpik qoyub ruhlarını, vicdanlarını necə sakitləşdirdilərini anlamamışam. 

Yayın gethagedi idi, rayonda idik, həyətə düşmək istəyən qızım pilləkənlərdən aşağı yumalandı. Arxasınca qaçdım, ayağımı hər pilləkənə basanda hiss elədiyim ağrını izah edə bilmirəm. Haramsa ağrayırdı... 5-6 pilləkənlik məsafəni özümü güclə qızıma çatdırdım, yerdə qanını görüb dayandım. Uşağı nə qucağıma ala bildim, nə ovundura. Ona qoşulub ağlamağa başladım. Ömrümdə bu qədər ağlamamışdım...

İçəri şəhər metrosunun yanı ilə asta-asta addımlayırdım. Yol boyu Günəşin qanlı üzü gözümün qabağına gəlirdi. Qızımın yaraları sağalmışdısa da mən özümə gələ bilməmişdim. Ayağlarım məni Mir Mövsüm ağanın İçəri şəhərdəki ziyarətgahına apardı. İlk dəfə idi ki, ora gedirdim. İçəri girib məndən əvvəl gəlmiş qadınların etdiyi hər şeyi təkrarlayıb çölə çıxdım. Allahdan xahiş etdim ki, uşağlarımı qorusun...

Həmişə ölümündən əvvəl bunu hiss edən, yaxınları ilə vidalaşan, bu haqda sosial şəbəkələrdə status yazan adamlarla bağlı nəsə eşidəndə üşənmişəm. Qorqud evin ikinci uşağı idi, Aprelin 24-ü doğulmuşdu, səhərə qədər yatmamışdıq, şad xəbəri gözləmişdik. Atası adını siz qoyun dedi. Başqa cür uşaq idi Qorqdud...

Yeddinci ayına təzə keçmişdi, kənddən zəng vurub Qorqudun xəstələndiyini dedilər, yeməyimiz süfrədə yarımçıq qaldı, “ tez şəhərə gətirin “ -dedik. Qorqud gələndə bir həftə idi ki, 40 dərəcə qızdırması vardı, halsız idi, gözləri işıldayırdı çox gözəl idi... Müalicələr effekt vermədi, gün gündən təşvişimiz artırdı, yuxudan duranda bir-birimizə verdiyimiz ilk sual “Qorqudun qızdırması varmı?” olurdu. Cavab “hə” olsa süstləşib otururduq, olmasa sevinirdik, ümidlənirdik. Biz, hamımız hər gün özümüzü aldadırdıq. “Bu gün daha yaxşıdı, fikir verirsən, rəngi necə düzəlib, görürsən kefi necə kökdü?...”

Qorqudun sonuncu analizlərinin cavabını götürməyə getmişdim, bir saat gözlə dedilər. Bu müddətdə uşaq mağazalarını gəzib Qorquda təzə paltarlar aldım. Bir saatdan sonra ölümcül xəstəliyinin olduğunu öyrəndim. Ağır idi...

Sonra Qorqudu İrana yola saldıq. Bir ay daha özümüzü aldatdıq, “Bu gün daha yaxşıdı, fikir verirsən, rəngi necə düzəlib, görürüsən kefi necə kökdü?...” Sonra bir gün xəbər gəldi ki, Qorqudun ağ ciyərinə xəstəxanada infekiya düşüb, süni nəfəs aparatına qoşulub. Vəziyyəti yaxşı deyildi, nəfəs ala bilmirdi, amma biz özümüzü aldatmağa davam edirdik, “bu gün daha yaxşıdı...”

Mən ömrümdə ikinci dəfə, İçəri şəhərdə, məndən əvvəl içəri girmiş qadınların etdiyi hər şeyi təkrarlayıb çölə çıxdım. Allaha yalvardım ki, Qorquda heç nə olmasın...

Və bir həftə sonra, o ləntə gəlmiş zəng gəldi...

Qorqud dəfn olunan gün, qadınlardan biri “Torpaq üçün yaranmışdı” dedi.

Qar yağırdı, soyuq idi və biz hamımız özümüzü yenə aldadırdıq “canını zülmdən qurtardı”...