“Neft 200 dollar olsa da, qiymət düşən deyil...” - Video

neft-200-dollar-olsa-da-qiymet-dusen-deyil
Oxunma sayı: 10203

Neft-qaz Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neft qiymətlərinin artımı, bunun ölkədəki satış qiymətlərinə təsiri ilə bağlı “Qafqazinfo”ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik: 

- Neftin qiyməti artır, amma əsasən istehlak bazarındakı qiymətlərdə dəyişiklik hiss edilmir. Yaxın zamanda bu fonda ucuzlaşma müşahidə edə bilərikmi?

- Bu məsələdə iki yanaşma var. Birinci məsələ ondan ibarətdir ki, vergi ödəyiciləri  hökuməti çox pis öyrədib. Biz hökumətə imkan yaradırıq ki, neft gəlirləri azalanda vergi ödəyiciləri hesabına özünün bütün problemlərini həll etsin. 

2015-ci ildən etibarən hökumət məhz vergi ödəyiciləri hesabına özünün  problemlərini həll etdi. Ölkəyə gətirilən malların vergiləri dəfələrlə artırıldı. Müxtəlif kateqoriyalı insanlar vergiyə cəlb edildi. Üç il bundan qabaq südün bir litri 1 manat idi. Hökumət kənd təsərrüfatına subsidiyalar ayırdı. Zaman keçəndən sonra isə istər kənddə, istər şəhərdə süd və süd məhsullarının qiyməti 50 faiz artdı. İndi 1 manat 50 qəpiyə 1 litr süd tapmaq olmaz. 

Məsələ bundadır ki, effektivlik azdır. Neftin qiyməti hazırda 70 dollardan çoxdur. 

Mənə ən çox verilən sual odur ki, bu ilin büdcəsində neftin orta ixrac qiyməti 45 dollardan götürülüb. Hökumət may ayında büdcəyə yenidən baxıb onun xərcləmə hissəsini artıra bilərmi?

Mən onlara deyirəm ki, axı xərclər niyə artırılmalıdır? Xərcləmələrin artması  əlavə izafi xərclər deməkdir. Bu, əsasən də tikinti sektoruna ayrılır. Tikinti isə hər yerdə izafi xərcləmələrdir. Nəticə etibarilə biz inflyasiyanı stimullaşdırmış oluruq. 

Axı heç kim demir ki, biz 2016- cı ildə minimal büdcə ilə özümüzü dolandırdıq və effekti gördük. Düzdür, heç kəs 2016-cı il səviyyəsində yaşamaq istəmir. Amma təsdiq edilmiş büdcə ilə onun effektivliyinin artırılmasını heç kim hökumət qarşısında qaldırmır. 

45 dollardan artıq olan hissəni Neft Fonduna köçürmək olardı. Sonra da hökumət gələn ilin büdcəsi üçün Neft Fonduna layihələr yazıb elə ondan özünün büdcə xərclərini qarşılamaq üçün istifadə edə bilərdi. 

Neftin yüksək qiymətində izafi gəlirlər olan zaman qiymətlər enmir. Çünki kifayət qədər rasional xərcləmələr olmadığından iştah daha çox qazanmağa yönəlir. İndi neftin qiyməti istər 100, istərsə də 200 dollar olsun qiymət düşən deyil. Çünki bunu bir dəfə yaşamışıq. 

- Bəs effektivliyi nece yaratmaq olar? 

- Bunun üçün sadəcə bazarı açmaq lazımdır. Bazarda tutaq ki, beş dənə oyunçu var. Onlar da kartel sazişinə girib eyni qiymətlə bazarı idarə edirlər. Bizim bazarın problemi bundan  ibarətdir. Siz maraqlanın ki, hansısa hiper yaxud supermarketdə hansısa kənd təsərrüfatından mal istehsal edib verən, yaxud xaricdən mal gətirib orada öz malını sata bilən adam varmı?! Bizdə heç bir şey sonacan açıqlanmır. Ona görə də hamıya elə gəlir ki, qiymət elə belə də olmalıdır. Mən həmişə buna diqqət etmişəm. 2014-cü ilin aprel ayının 1-dən Azərbaycanda yüksək oktanlı benzinin dövlət tərəfindən tənzimlənməsi ləğv edildi. Bunu çox sevinclə qarşıladım ki, artıq mən də qonşu ölkələrdəki kimi yanacaqdoldurma stansiyalarında müxtəlif rəqəmlər görəcəm. Təsəvvür edirsiniz ki, 4 il keçib, ancaq bu, bizdə yoxdur. Tutaq ki, bu benzini bir-iki oyunçu gətirir. Ancaq müxtəlif bazalardan realizə edilirlər. 98 oktanlı benzin varlılar üçündür. Niyə onlar arasında rəqabət aparmırsınız? Rəqabəti kasıb-kusub arasında aparmayın. Rəqabət 5 ildən sonra orta təbəqənin, 10 ildən sonra isə kasıb-kusubun arasına gəlib çıxsın. Bazarı hələ Sovet qaydası ilə nə vaxta qədər idarə edəcəyik?!

- Neft qiymətlərinin qalxması fonunda hansı yenilikləri müşahidə edirsiniz? 

- 2018- ci ilin büdcəsi 20 milyarddır. Bu dollar ekvivalentində 12 milyarddan artıq rəqəm edir. Bizim ən böyük büdcə xərcləmərimiz dollar ekvivalentində 2013-cü ildə olub. O zaman rəqəm 24 milyard idi. İndi gözümüzün önünə 2018-ci ildə və 2013-cü ildə görülən işlərə nəzərə salaq. Mən görürəm ki, indi edilən işlərin miqyası, effektivliyi beş il bundan qabaq edilən işlərdən qat-qat yaxşıdır. Neftin qiyməti 115 dollar olanda hökumət daha da ayıq-sayıqlıq göstərsəydi, bu uğurları onda əldə edə bilərdik. Çoxları neft 100 dollardan aşağı istiqamət götürəndə deyirdi ki, 2018-ci ildə Azərbaycanın Neft Fondu boşalacaq. Əgər  neftin qiyməti 50 dollar olsaydı, biz az qala acından qırılacaqdıq. Ancaq reallıq göstərdi ki, hətta neftin qiyməti 30 dollar olsa belə, onunla yaşayıb yarada bilərdik. Əgər bunu ürəkdən istəyiriksə, hər bir situasiyaya hazır ola bilirik. 

- Neftin qiyməti daha da arta bilərmi və buna hansı amillər rəvac verə  bilər? 

- Ötən ilin sonunda heç bir qurum indiki qiymətləri proqnoz etməmişdi. Ötən il Brent markalı neft ili 54 dollarla başa vurub. Proqnoz bu idi ki, 57 dollar ortalama bir qiymət olacaq. Düzdür, bu müəyyən qədər qalxa və aşağı da düşə bilərdi. Ancaq birinci rüb ortalama qiymət 67 dollar oldu. İlk iki ay isə Brent markalı neftin qiyməti 70 dollar oldu. İl başlayanda neftin qiymətində klimatik faktor önə keçdi. Son 50 ildə Şimal yarımkürəsində və Mərkəzi Asiyada belə soyuq havalar müşahidə edilməmişdi. Kanadada, Amerikada o cümlədən, Xəzərdən o tərəfdəki qonşularımızda mənfi 30 və 40 dərəcə temperatur qeydə alındı. Enerjiyə tələbat həddən artıq yüksəkdir. Bu, uzunmüddətli dövr üçün oldu. Nəticədə enerjiyə təlabat bütün gözləntiləri üstünə aldı. Neftin qiyməti də təbii ki, yüksəldi. Hamıda belə əhval-ruhiyyə var idi ki, mart ayından artıq yaz mövsümünə keçiddir. Neftin qiymətini qızışdıran amil aradan qalxacaq. Yenidən qiymət 60 dollara qayıdacaq. Ancaq biz mart ayının ortasında bunu müşahidə etmədik. Aprel ayında da qiymət 70 dolları keçdi. Burada əsas səbəb geopolitik faktorlar idi. Söhbət Suriya ətrafındakı hərbi münaqişədən gedir. Bu, birjalara təsir etdi. Bu faktor daim neftin qiymətini gərginlikdə saxlayır. 

İkinci amil isə aprel ayının 20-də OPEC və OPEC + ölkələrinin Ciddədə baş tutan, nazirlər səviyyəsində keçirilən iclası idi. 2018-ci ilin sonunacan hasilatın dondurulması məsələsi artıq öz həllini tapıb. 

Rusiyanın energetika naziri açıqlama vermişdi ki, bu, müddətsiz də ola bilər. Bazarlara pozitiv bir siqnaldır. Stabillik treyderlər üçün yeni şanslardır. Üçüncü amil isə ABŞ və İran arasında olan gərginlikdir. May ayında Amerika Birləşmiş Ştatlarının Tehrana qarşı yeni sanksiyaları gündəmə gələ bilər. 

- Hesab edək ki, bu faktorlar aradan qalxdı. Neftin qiyməti aşağı düşəcəkmi? 

- Bunu artıq rəsmilər və siyasilər də qeyd edir ki, mövcud olan qiymət bazar qiyməti deyil. Bu, spekulyativ amillərdir. Beynəlxalq Enerji Agentliyi Brent markalı neftin qiymətini 62-63 dollar arası korrektə edəcək. Qiymətdə 10 dollar şişirtmə var. Deyirlər ki, qiymət geri qayıda bilər. Amma bu geri qayıdışdan sonra dünyada hər şey rəvan ola biləcəkmi? Bütün dünya gözləyir ki, yay necə keçəcək. Əgər yay həddindən artıq isti keçəcəksə, Səudiyyə Ərəbistanındakı ölkələr onların enerjiyə olan tələbatı həddindən artıq yüksək olacaq. 

Nəticədə onlar neftin ixracını azaldırlar. İstehsal etdikləri enerjini elektrik enerjisinin istehsalına daha çox yönəldirlər. Səudiyyə Ərəbistanı həmin dövrdə 7,5 milyon barrel neft ixrac edirdisə, onu 800 min barrel azaldır. Bu, birdən-birə bazardan nə qədər neftin götürülməsi deməkdir. Nəticədə yay mövsümü ilə əlaqədar neftin qiyməti düşməli olsa da sabit qalır.

- Qiymətlərin qalxması əhalinin gəlirlərinə da təsir edə bilərmi? 

- Neftin artımı birinci növbədə, dövlətin gəlirlərinin artımı deməkdir. Çünki Azərbaycan iqtisadiyyatının lokomotivi neft iqtisadiyyatlı üzərində cəmləşib. 10 ildən artıqdır, hökumət bəyan edir ki, iqtisadiyyatın şaxələndirilməsi yolunda gedirik. Ancaq pul gətirən sahə neft sahəsidir. Ötən il bizim ixracımız 15,1 milyard olub. Qeyri-neft sektorunda ixrac isə 1,5 milyard olub. Bunun 153 milyonu da Dövlət Neft Şirkətinin müəssisələrinin hesabına baş tutub. Neft gəliri artanda dövlətin imkanı olur ki, təkcə dövlət işçilərinin deyil, digər vətəndaşların da əməkhaqqısını artsın. Cari ildə biz hiss etdik ki, prezidentin fərmanı ilə müxtəlif kateqoriyalı insanlara bundan pay düşdü. 

Hökumət 5 il bundan qabaq neftdən ildə 17,6 milyard manat pul qazanırdı. Ancaq ötən il cəmi 6,1 milyard pul qazanıb. Hökumət də artıq ayağını bu vəsaitə görə uzatmalıdır. İnsanlar da artıq dəyişməlidir və hər şeydə rasionallığa əl atmalıdır. O zaman hesab edirəm ki, çox şeyə nail olmaq olar.  

Günel Türksoy 

Video: Nuran Məmmədov