Neft Fondundan lirə və rublun ucuzlaşması ilə bağlı - Açıqlama

neft-fondundan-lire-ve-rublun-ucuzlasmasi-ile-bagli
Oxunma sayı: 5560

Dövlət Neft Fondu tərəfindən investisiya strategiyasının optimallaşdırılması, investisiya portfelinin diversifikasiyasının təmin edilməsi və uzunmüddətli gəlirliliyin yüksəldilməsi məqsədilə ARDNF-nin investisiya portfelinin əsasını təşkil edən aparıcı iqtisadiyyatlara malik ölkələrin (ABŞ, Avrozona və Birləşmiş Krallıq) valyutaları ilə yanaşı digər ölkələrin valyutalarında ifadə olunan aktivlərə sərmayə qoyuluşları da həyata keçirilir.

Fonddan “Qafqazinfo”ya daxil olan məlumata görə, bu istiqamətdə ARDNF-nin investisiya portfelində Çin yuanı, Koreya vonu, Avstraliya dolları, Rusiya rublu və Türkiyə lirəsi daxil olmaqla digər valyutalar da yer alır. ARDNF-nin investisiya portfelində cari ilin ikinci rübünün sonuna təqribən 0,9% pay təşkil edən Türkiyə dövlət istiqrazları və təqribən 0,9% pay təşkil edən Rusiyadakı investisiyalar (VTB bankın səhmləri və Moskva şəhərində “Tverskaya 16” ünvanında yerləşən ofis-ticarət mərkəzi) cari bazar konyukturası nəzərə alınmaqla Fondun hazırkı investisiya strategiyası və müvafiq orta və uzunmüddətli real gəlirlilik gözləntiləri ilə uyğunluq təşkil edir. Bununla yanaşı ARDNF tərəfindən son zamanlar qeyd edilən ölkələrdə daha çox büruzə verən geosiyasi risklər də nəzərə alınmaqla bütün investisiya portfelinin cari vəziyyəti, bazar konyukturası və gözləntilər ciddi şəkildə təhlil olunur və zəruri olduqda çevik taktiki addımlarla investisiya portfelinə müvafiq dəyişikliklər edilir.