“Neft, Qaz və Media” konfransı başladı

neft-qaz-ve-media-konfransi-basladi
Oxunma sayı: 633

Trend-in məlumatına görə, toplantının əvvəlində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.

Prezident İlham Əliyev məktubda neft-qaz mövzusunda yazan jurnalistlərin beynəlxalq media forumunun iştirakçılarını səmimi qəlbdən salamlayıb və qeyd edib ki, qlobal enerji təhlükəsizliyi məsələlərinin mühüm əhəmiyyət kəsb etdiyi müasir dövrdə karbohidrogen ehtiyatlarının hasilatı, nəqli və əldə olunan gəlirlərin idarə edilməsi siyasəti daim KİV-lərin diqqət mərkəzində dayanır.

"Beynəlxalq Mətbuat İnstitutunun təşəbbüsü ilə keçirilən Forum bu aktual mövzunu bir daha nəzərdən keçirməyə əlverişli şərait yaradır. Zəngin təbii sərvətlərə malik olan Azərbaycan Respublikası mədən sənayesi sahəsində qabaqcıl ənənələri ilə tanınır. Hələ XIX əsrdə Azərbaycanda sənaye üsulu ilə neft çıxarılmasına başlanılıb. Ötən 100 illiyin ortalarında isə açıq dənizdə hasilatın əsası qoyulub. Dövlət müstəqilliyimizi əldə etdikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində Xəzər dənizinin nəhəng enerji potensialının mənimsənilməsi və dünya bazarlarına nəqli regionda bu sahədə transmilli əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar açıb", - İlham Əliyev məktubda qeyd edib.

Prezident müraciətində bildirib ki, artıq dünyanın alternativ enerji təminatı mərkəzlərinin birinə çevrilmiş Azərbaycan hazırda özünün güclü infrastrukturu və şaxələnmiş neft-qaz kəmərləri şəbəkələri ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

"Azərbaycan mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahəsində "Şəffaflıq Təşəbbüsü" adlanan beynəlxalq proqrama qoşulub, ölkə daxilində və xaricində neft gəlirlərinin idarə edilməsində vətəndaş cəmiyyətinin iştirakı və beynəlxalq audit üçün lazımi şərait yaradılıb. Eneji daşıyıcılarının satışından əldə olunan gəlirlərin toplandığı Dövlət Neft Fondunun fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilib. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi gələcək nəsillər üçün qorunub saxlanılır. Digər qismi isə şəffaf şəkildə neft-qaz rifahının yüksəldilməsinə və demokratik islahatların davam etdirilməsinə yönəldilir. Ölkədə plüralizmin, söz və mətbuat azadlığının mövcudluğu, KİV-lərin sərbəst fəaliyyəti həyata keçirilən enerji siyasəti və gəlirlərin idarə olunması haqqında cəmiyyəti hərtərəfli məlumatlandırmağa imkan yaradır. İnanıram ki, dünyanın nüfuzlu media qurumlarının, enerji sahəsində yazan jurnalistlərin, ekspertlərin iştirak etdiyi bugünkü beynəlxalq forum, mövzu ətrafında konstruktiv müzakirələr yeni-yeni dəyərli təklif və təşəbbüslərlə yadda qalacaq. Forum iştirakçılarını təbrik edir və toplantının işinə uğurlar arzulayıram", - İlham Əliyev bildirib.