Neftçalanın icra başçısı sahibkarlarla görüşdü

neftcalanin-icra-bascisi-sahibkarlarla-gorusdu
Oxunma sayı: 640

İcra Hakimiyyətindən Trend-ə daxil olan məlumata görə, sahibkarlarla keçirilən görüş zamanı onların fikirləri, qayğı və istəkləri dinlənilib və onlara məxsus sahibkarlıq obyekti olan mağazaların tikildiyi yerlərdən başqa ünvana köçürülməsi məsələsi müzakirə edilib.

Aparılan geniş müzakirə zamanı çıxış edən sahibkarlar öz çıxışlarında bildiriblər ki, onlara məxsus olan sahibkarlıq obyektlərinin ünvanının dəyişdirilərək yeni ünvana köçürülməsi öz razılıq ərizələri əsasında həyata keçirilib.

Rayonda vüsət alan abadlıq və quruculuq işlərinə qısqanclıqla yanaşan bəzi şəxslər bir sıra mətbuat orqanlarında, internet saytlarında şər-böhtan xarakterli məlumatlar verməklə rayon ictimaiyyətinin fikirlərində çaşqınlıq yaratmağa çalışıblar.

Çıxış edən bir qrup yerli sahibkar bildirib ki, bu cür təxribat xarakterli yazılara uymayacaq, həmişə dövlətə və dövlətçiliyə sadiq olan neftçalalılar ölkə rəhbəri İlham Əliyevin ətrafında sıx birləşəcək və rayonun abadlıq, quruculuq işlərində öz köməkliyini əsirgəməyəcəklər.

Xatırladaq ki, yanvarın 28-də səhər saat 04 radələrində Neftçalada rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Rüstəm Tahirovun AZ 10 TM 801 dövlət nömrə nişanlı Toyota Prado avtomobili yandırılıb.