“Neftçi”, “Qəbələ” və “Keşlə” rəqiblərini tanıyacaq

neftci-qebele-ve-kesle-reqiblerini-taniyacaq
Oxunma sayı: 1020

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşk nəticəsində Azərbaycanı bu turnirdə təmsil edəcək 3 klubun - “Qəbələ”, “Neftçi” və “Keşlə”nin də rəqibləri bəlli olacaq. 

Klublarımızın hamısı püşkatma zamanı daha yüksək reytinqə malik olan səpələnmişlər səbətində yer alacaqlar. 

Premyer Liqanın gümüş mükafatçısı “Qəbələ” “Proqres” (Lüksemburq), “Şiroki Briyeq” (Bosniya və Hersoqovina), “Şkupi” (Makedoniya), “Stumbras” (Litva) və “Dunayska Streda” (Slovakiya) klublarından birinə rəqib olacaq.

Çempionatı üçüncü pillədə başa vuran “Neftçi”ni “Buduçnost” (Çernoqoriya), “Partizani” (Albaniya), “Uypeşt” (Macarıstan), “Samtrediya” (Gürcüstan) və “Rasinq Yunion” (Lüksemburq) klublarından biri ilə duel gözləyir.

Ölkə kubokunun qalibi “Keşlə” isə “Milsami” (Moldova), “Rudar” (Çernoqoriya), “Riqa” (Latviya), “Budapeşt Honved” (Macarıstan) və “Baltsan” (Malta) klublarından biri ilə mübarizə aparmalı olacaq.

Ümumilikdə 47 cütün formalaşdırılacağı 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.