“Neftçi” rəhbərliyi Antonio Konte ilə görüşdü - Fotolar

neftci-rehberliyi-antonio-konte-ile-gorusdu
Oxunma sayı: 1748

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılacaq “Çelsi” “Bakcell Arena”da məşq keçib. “Qafqazinfo” xəbər verir ki, “Neftçi” PFK-nın prezidenti Orxan Hüseynzadə və vitse-prezident Elnur Eyvazov “Bakcell Arena”da qonaq olan London klubunun katibi Devid Bernard və baş məşqçi Antonio Konte ilə görüşüb. Klub rəsmiləri akademiyalar arasında əməkdaşlıq perspektivləri haqda fikir mübadiləsi aparıblar.

Ölkəmizin ən qocaman klubunda uşaq futbolunun inkişafına xüsusi əhəmiyyət verildiyini qonaqların nəzərinə çatdıran Orxan Hüseynzadə “Neftçi” Futbol Akademiyasının istedadlı yetirmələrinin “Çelsi”də təcrübə toplaması üçün İngiltərə təmsilçisinin nümayəndələrinə təklif irəli sürüb. Devid Bernard prezidentin təklifini müsbət dəyərləndirərək bu cür əməkdaşlığın faydalı olacağını vurğulayıb.

“Neftçi” PFK-nın vitse-prezidenti Elnur Eyvazov dünyaşöhrətli klubu qonaq etməkdən məmnunluğunu bildirib. Qonaqpərvərliyə görə təşəkkür edən Antonio Konte “Bakcell Arena”dakı məşqin təşkilindən razı qaldıqlarını söyləyib. Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.