“Neftçi”nin baş məşqçisi kobud səhvindən danışdı - Yenilənib

neftcinin-bas-mesqcisi-kobud-sehvinden-danisdi
Oxunma sayı: 641

Xəbər verdiyimiz kimi,  Topaz Premyer Liqasının 27-ci turunda “Neftçi” “Zirə” ilə qarşılaşıb. "Qafqazinfo" xəbər verir ki,  meydan sahiblərinin baş məşqçisi Elxan Abdullayev oyunda kobud səhvə yol verib.
 
Belə ki, qarşılaşmaya 5 yerli futbolçu ilə başlayan baş məşqçi  67-ci dəqiqədə Ruslan Abışovun Uqo Barqasla əvəzlənməsindən sonra meydanda 4 azərbaycanlı oyunçu saxlayıb.
 
Bu isə limitin pozulması deməkdir.

***

“Qafqazinfo” futbolinfo.az-a istinadən Elxan Abdullayevin müsahibəsini təqdim edir:


- Meydanda çox gərgin mübarizə getdi. Rəqibi təbrik edirəm. Düşünürəm ki, "Zirə" avrokubok problemini 70 faiz həll etdi.

 - Texniki məğlubiyyətdən nə vaxt xəbər tutdunuz?

 - Əvvəlcə meydana Cavid İmamverdiyevi daxil edəcəkdik. Təəssüf ki, tərsinə oldu və limiti pozduq. Bunu texniki qüsur adlandırardım. 

- "Forza Neftçi" azarkeşləri "istefa" qışqırdıqlarına görə, mübahisəylə üzləşdilər. Nəticədə tribunanı küsüb tərk etdilər...

 - Başa düşmürəm, oyun başlamamış "istefa" qışqırmaq nə deməkdi. Axı, oyun başlamamış komandanı dəstəkləməyə gələn insanlar bu cür hərəkət etməz. 

- Belə bir söhbət gəzirdi ki, 4-cü hakim əvəzetmə zamanı nümayəndənizə limiti pozduğunuzu xəbər verib... 

- Xeyr, belə bir şey ola bilməz. Axı, bilsəydik, bu cür səhvə yol verməzdik. Ola bilər əvəzetmədən sonra bu məlumatı verib. 

- Qış fasiləsindən sonrakı startınız uğurlu alınsa da, sonradan daha zəif komandalarla xallar itirdiniz. Bunun səbəbi nədi?

 - İki cəbhəyə vuruşmağa hazır deyildik. Kubok və çempionatda qısa zaman kəsiyində 4 oyun keçirdik. Bəlkə də kubokdan imtina etsəydik, daha yaxşı olardı. 

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov isə rəqib məşqçinin kobud səhvinə belə münasibət bildirib:bunları deyib:

"Bu hal istənilən məşqçinin başına gələ bilər. Elxan Abdullayevə hörmətim hədsizdir. Ancaq yalandan nə deyim? Bilmirəm. Sualı indi verdiniz, yalnız indi düşündüm".