Neftçinin cəsədi tapılmır, villası tapılır...

neftcinin-cesedi-tapilmir-villasi-tapilir
Oxunma sayı: 6248

Fərid Hüseyn

Neftə qarşı həmişə fərqli münasibətlərimiz olub. Əsrin əvvəlində neftin qiymətini qaldırmaq üçün neftxudalarımız quyularına od vururlarmış ki, bazarda neft qıtlığı yaransın və “məhsul” bahalaşsın. Günlərlə həmin neft quyusu alışıb-yanırmış. Heç kəs o zaman bunun təbiətə ziyanı barədə düşünməzmiş... Çünki neft həmişə “qiymətlidir”.

Maraqlı faktlar çoxdu: Texniki vasitələrlə neft quyuları qazılanda Məşədi Kazım adlı neftxudala texnika almağın dərdindən əllə işləməyin vacibliyini bildirir və işçiləri həvəsləndirmək üçün quyuya düşüb qazıntı aparır. Bu zaman fontan vuran neftin altında qalıb boğulub.

Xalq çox vaxt neftin milli sərvət olduğunu düşünməyib, ən uzağı neft sahəsində özünə yer edib pul qazanmaq barədə fikirləşib. Neftin qiyməti ilə əksər sadə vətəndaş maraqlanmayıb. Son illər xalqın rifahı düzəlmişdi, ancaq yenə də biz elə bilirdik ki, pullar hardansa göydən gəlir. Elə bil belə bir sərvətin yiyəsi biz deyildik. “Neft ölkəsi” sözü yüz dəfə işlənsə də nəsə qulağımıza və qəlbimizə yad gəlirdi. Elə bilirdik dövran belə gəlib belə də gedəcək.

İkicə dəfə neft yadımıza düşüb, bir II Dünya Müharibəsində almanlar Bakıya və onun neftinə göz dikəndə, ikinci dəfə isə neftin qiyməti 4 dəfə düşəndə. Hər ikisində xalq öz sərvətini canı bahasına imtahan olunmaqdan qorxandan sonra dərk edib. Heç kəsi qınamayaq – təhsilimiz insanların bu cür düşünməsinə zəmin yaradıb, belə məktəb və universitetlərlə get-gedə bilik və dərketmə səviyyəmizin daha da pisləşəcəyi göz qabağındadır.

Əsrin əvvəlində neft neftxudalara, sovet dövründə SSRİ-yə işləyib, müstəqillik dövründə isə dövlətin inkişafına xərclənsə də, fürsət tapıb oğurlayan məmurlar olub. Bu yaxınlarda 16 villanı birdən alan qadının əldə etdiyi sənədlərin şəklini yada salaq...

Ölkənin vəziyyətinin pisləşdiyi bir dönəmdə xaricidə milyonlarla qiyməti olan villalar ortaya çıxır, cəzalandırılan yoxdur, ancaq bir kasıb balasını toyuq oğurladığına görə az qala bütün televiziyalar göstərir.

Əbdüləziz Bəkkin oğluna məşhur məsləhəti var: “Dünyaya kirayənişin kimi yerləş, ev sahibi kimi oturaqlansan, köçmək çətin olacaq”. Bu misalı göstərərək soruşmaq istəyirəm: Bu qədər villaları alan adam nə düşünür, milyon il yaşamaq? Məgər özlərindən daha çox yığanların, daha arxalı olanların vəzifələrini və güclərini itirdiklərini görünmürlərmi? Kim onları əbədi gücə, zənginliyə, vəzifəyə arxayın salıb? Görünür, heç kəsin taleyi bir başqasına görk olmur.

Hər gün işsizlər ordusunun sayı artır, ancaq bu qədər ehtiyaclı insanın qarşısında milyonları xərcləyib çəkələkdə şəkillər paylaşırlar. Xəzərdə neçə neftçimiz tapılmayıb ancaq villa sənədləri tapılır...