“Neftçi”nin yuxuları

neftcinin-yuxulari
Oxunma sayı: 643

Elnur Məmmədli

Dünən yenə yuxu görürdüm, ağ-qara kadrlar, Lenin adına Respublika stadionuna toplaşmış 45 min azarkeş... Bakı qədeşlərinin aerodrom kepkalarda meydana zillənən gözləri, beynəlmiləl şəhər sakinlərinin qaldırdıqları “Bronzo nam, ostolnoe vam” plakatı. Yaşar Babayev rəqib hücumçuların qarşısını necə məharətlə alır, Kazbek Tuayevin ötürməsindən sonra dahi Banişevski “Spartak”ın qapıçısı Maslaçenkonun qapısına necə qol vurur. Futbolçuların stadionda fəxri dövrə vurması...

Hələ mən oyundan sonra Zavağzalnıdan vurub, “İnturist”dən çıxmağımızı, səhərə kimi “Jemçujina”da yeyib-içməyimizi demirəm. Qonşumuz Anyaya təzə-təzə ürəyimi açırdım ki, mamamın səsi qulağımın dibində elə gəldi ki, yerimdən dik atıldım. Bir anlıq evə baxdım, kitab rəfində gözüm Fadeyevin “Molodaya qvardiya” kitabını gəzdi. Lənət şeytana, axı mən 2017-ci ildə - maklerin tikib satdığı 3 otaqlı həyət evindəyəm. Nə Banişevski, nə Zavağzalnı, qonşumuz Anyanın nəvəsi də bu gün-sabah Moskvada “Lomonosov”u qutaracaq. Mən hələ də 60-lardayam.

Məndə amneziya deyil, amma deyəsən, ondan da betər mərəzdi. Hələ də o nostalgiyadan ayıla bilmirəm, hər an uşaqlığımı, gəncliyimi axtarıram, Nizami metrosundan piyada 5 mərtəbəyə tərəf gedəndə elə bilirəm yenə qarşıma 3 qəpiyə qazlı su verilən köşklər çıxacaq, “Spartak” stadionunun yanında divarda qəzetləri axtarıram, axı vaxtilə 140 nömrəli avtobusu gözləyəndə “Bakı”nı, “Sovetskiy sport”u, “Bakinskiy raboçi”ni orda oxyurdum. Baxmayaraq ki, indi şükür vəziyyətim də yaxşıdır, oğlumun biri “Çelsi”nin, o biri “Arsenal”ın illik abonementidir, mən də tez-tez “Emireyts”ə, “Stemford Bric”ə səfər edirəm. Heç orda xuliqanlıq edib Vengeri söyən də görməmişəm.

Mənim üçün “Kəpəz” hələ də Ruslan Abdullayevin, Nadir Eynullayevin formadan düşməmək üçün gedib bir mövsüm oynadığı komandadır. “Qəbələ”dən, “Qarabağ”dan ümumiyyətlə, danışmıram. Düzü, bu iki klubun adını Avroliqanın qrupunda oynayandan sonra eşitdim. Nə olsun ki, “Neftçim” indi bu iki komandadan geridədir, “zato” çempionat qışdan sonra başlasaydı, indi 2-ci yerdə gedirdik. Hə, bax bunu da beynimdən çıxara bilmirəm ki, SSRİ vaxtı çempionat yazda başlayırdı, payızda qutarırdı. Amma çox nikbin insanam, ümid edirəm ki, bu stadionumuzu bir gün dolduracağıq və əsas oyunlarımızı Olimpiya stadionunda keçirəcəyik. Arada rəis zarafatla “Neftçi”nin azarkeşi qalıb ki” desə də, qanımı qaraltmıram. “Barselona”nın PSJ-ni keçəcəyinə də heç kim inanmırdı, gördüz?