Neftçiyə qız vermirlər

neftciye-qiz-vermirler
Oxunma sayı: 2932

Azər Qismət

Ötən ilin dekabrın 4-də “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş verən yanğın 3 gün əvvəl nəhayət söndürüldü. Bu həmin o yanğın idi ki, neftçilərimizi itirdik. Ölkədə matəm elan olundu. Təəssüf ki, bəzilərinin meyitləri tapılmadı. Hələ də gözü yollarda qalanlar var.

Hadisənin qəlbimizi necə yandırması barədə danışmayacacağam. Bircə onu deyim ki, çox üzüldük, doğmalarını itirən adamların faciəsini öz ürəyimizdə hiss etdik. Hiss edənlərdən biri də Loğman oldu. Məsələ burasındadır ki, gənc neftçi mühəndis Loğmana istədiyi qızı vermirlər. Oğlanın valideynləri elçiliyə gediblər. Buna qədərsə qız oğlanın neftçi olması barədə evdəkiləri əvvəlcədən məlumatlandırsa da, müsbət cavab almayıb. Valideynlər qəti şəkildə bəyan ediblər ki, “elçiliyə gəlməsinlər”. Amma Loğman el adətincə elçi göndərib. Ümid edib ki, süfrəyə çay gələr, içinə qənd atıb şirinləşdirərlər. Nə çay gəlib, nə də qənd.

Qızın atası deyib ki, “qızımızı vaxtından əvvəl dul qoymaq istəmirik”. Buna misal olaraq “Günəşli” yatağındakı yanğını misal gətirib. Üstəlik, onu da əlavə edib ki, “oğlunuz 15 gün dənizdə olanda qızımız yenə ata evinə gələcək. Əgər ayın 15 gününü yenə ata evinə gələcəksə, daha niyə ərə veririk ki? Elə burda da qocalar”. Bir sözlə qız atası ağır ittihamlar səsləndirməklə məsələyə nöqtə qoyublar. Və bu məqamda əksər ailələr kimi oğlanın məvacibi barədə sual verməyiblər. Onsuz da bilirlər ki, neftçinin məvacibi yüksəkdir. Burada onları narahat edən əsas məsələ qızlarının gələcək taleyi olub.

Beləliklə, həmin yanğının digər detalları özünü şəxsi həyatlarda da göstərməyə başlayıb. Belə detalların hansı vaxta qədər sürəcəyini söyləmək çətindir. Bəlkə də bir il keçəndən sonra o yanğını qız ataları qismən unudacaq. Ola bilsin Loğmanın bəxti gətirəcək. Amma istənilən halda gənc neftçinin ürəyi yaralanıb. Dünənə qədər fəxr etdiyi peşəsi barədə indi ürkək-ürkək danışır, Tahir Salahovun Xəzər neftçilərinə həsr etdiyi “Növbədən gələnlər” əsərinin qarşısında durub onlar kimi qəmə batır, Tofiq Quliyevin “Neftçilər” mahnısını eşidəndə qulaqlarını qapayır, “Bəxtiyar” filmi nümayiş etdiriləndə televizoru söndürür.

Loğmanın şəxsi həyatına dair bu detal ümumilikdə bəzi fəsadlara yol aça bilər. Birincisi, bu hadisə başqalarının da başına gələr, yaxud, həmin yanğından sonra onlarla belə oğlanın saf sevgisinə kölgə salınar. Ola bilsin neftçi ailələrində qalmaqal və narazılıqlar artıb. Ola bilsin hər dəfə neft daşlarına yola salınan qardaşın, ərin, atanın, babanın arxasınca su atılmaqdan əlavə duaların sayı ərşü-aləmə qədər uzanıb. Ola bilsin, hər dəfə neftçiləri yola salan ailə üzvləri onları sonuncu dəfə görürmüş kimi ötürürlər, çiyinlərini qucaqlayıb göz yaşları axıdırlar, Quranın altından keçirirlər, sağ-salamaq qayıtmaları üçün pirə nəzir deyirlər, qarşılayanda isə ölüb-dirilir, qəlblərinə bir dünya bəxş olunur. Və o da ola bilər ki, artıq bəzi ailə sahibləri ərizə yazıb işdən getmək barədə düşünürlər. Yaxud, dənizi quru ilə əvəz etmək üçün öz müdirləri ilə danışıqlar aparanlar da var.

Necə ki, ərizə yazmaq Loğmanın da ağlına gəlib. Artıq neçə gündür ki, o, istədiyi qızın təkidi ilə ərizə yazıb işdən çıxmaq, özünə başqa peşə tapmaq fikrinə düşüb. Bir tərəfdən istəklisinə görə sevdiyi peşəsindən ayrılmaq istəyir, bir tərəfdən atasının ruhunu tapdayacağını düşünür. Çünki onun da atası neftçi olub və oğlunu Xəzərin kükrəyən dalğalarının arasında görmək istəyib. Bunun üçün Loğmanı Neft Akademiyasında təhsil almasına həvəsləndirib. O, həmin Ali məktəbi bitirib, indi Neft Daşlarında mühəndisdir. Sadəcə, bircə evlənməyi qalmışdı ki, “Günəşli” yatağında baş verən yanğın onun da həyatında getdikcə qara iz buraxmaqdadır.

Deməli, bir hadisənin baş verməsi nə qədər törənə biləcək yeni məqamları ortaya çıxarıb. Deməli, əslində 10 saylı dərin dəniz özülü hələ yanmaqdadır.