“Neftin qiyməti 26 faiz artıb” - Mərkəzi Bank

neftin-qiymeti-26-faiz-artib
Oxunma sayı: 885

Mərkəzi Bank bu il üçün gözlənilən inflyasiya gözləntilərini açıqlayıb.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, İdarə Heyətinin pul siyasətinə dair sonuncu toplantısından keçən dövr ərzində biznes sektorunun inflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik olmayıb. Mərkəzi Bankın həyata keçirdiyi real sektorun monitorinqinin nəticələrinə əsasən, son 2 ayda qiymət gözləntiləri ticarətdə, qeyri-neft emal sənayesində və tikintidə azalıb, xidmət sektorunda isə artıb. Ev təsərrüfatları arasında inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlərin payında artım qeydə alınmayıb. 

Xarici mühit əlverişli olaraq qalır. İlkin məlumatlara görə yanvar-fevral aylarında xarici ticarət balansında 986.3 mln. dollar məbləğində müsbət saldo yaranıb. İxrac 42.6%, o cümlədən qeyri-neft ixracı 16.4% artıb.  

Son aylarda dünya bazarlarında əmtəə qiymətləri artım meyilli olub. 2019-cu ilin yanvar-fevral aylarında neftin dünya qiyməti orta hesabla 62 ABŞ dolları təşkil edib. Neftin qiyməti ilin əvvəlindən 26% (14 ABŞ dolları) artıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri indeksi yanvar-fevral ayları ərzində 3.4% yüksəlsə də, ötən ilin eyni dövrü ilə müqayisədə 2.2% aşağıdır. 

Ticarət tərəfdaşı olan ölkələrdə orta inflyasiya səviyyəsi son aylar sabit qalıb, bu ölkələrin valyuta məzənnələrində kəskin tərəddüdlər baş verməyib. 

İlin əvvəlindən ölkənin strateji valyuta ehtiyatları 4.1% artaraq 46.6 mlrd. ABŞ dollarına çatıb. Bu, tədiyə balansının profisitlə formalaşdığını göstərir.