Nemət Pənahlı muğamat oxuyur

nemet-penahli-mugamat-oxuyur
Oxunma sayı: 818

Ailəsi təcridxanada Nemət Pənahlıya psixoloji təzyiq olduğunu iddia etsə də, pentensiar xidmətdən tam fərqli cavab gəlib. Azadlıq carçısına psixiatr müayinəsi təyin olunmasının səbəbləri də məlum olub. Demə, Nemət Pənahlı muğam oxuyur. Amma qəzəllərin mətni nəzarətçiləri təhqir edən sözlərdən ibarətdir. Bunu da Pentensiar Xidmətindən bildiriblər.

Nemət Pənahlının xanımı Həcər Pənahlı hazırda onun vəziyyətinin ağır olduğunu bildirib. Onun sözlərinə görə, təcridxanada nəzarətçilər həyat yoldaşına psixi təsir göstərir. Nemət Pənahlının dərhal xəstəxanaya yerləşdirilməsinə ehtiyac var. “Həbsxananın rəisinə müraciət etdik ki Nemət Pənahlıya həkim nəzarət etməlidir. Nəhayət 2 həkim dəvət edilib. O həkimlərdən biri şəkərini yoxlamağa gəlib. Digəri də psixiatr olub. Psixiatr Nemət Pənahlının nəyinə baxacaq, nəyinə diaqnoz qoyacaq?”

Həcər Pənahlı həyat yoldaşının 5 gün karserdə saxlandıqdan sonra aclıq aksiyasına başladığını bildirib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə Nemət Pənahlıya həbsxanada işgəncə verilməsilə bağlı deyilənləri təkzib edib. Onun sözlərinə görə, Nemət Pənahlı aclıq aksiyası etdiyi üçün təcridxana rəhbərliyi onu həkim nəzarətində saxlayır.

“Nemət Pəhanlını arzusu ilə ona müxtəlif növ həkim gətirilib və müayinədən keçirilib. Bir vaxtlar o şikayət etmişdi ki, şəkərli diabeti var. Onunla bağlı da analizlərdən keçirilib. Hazırda bilirsiniz ki, aclıq edib və hazırda səhhətilə bağlı problem yoxdu. Problem olarsa həkim nəzarəti dərhal olacaq”, - deyə Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov bildirib.

Ədliyyə Nazirliyinin Baş İdarəsindən o da bildirilib ki, Nemət Pənahlı qaydalara məhəl qoymayaraq nəzarətçilərlə mübahisə edir. Hətta təcridxanadakılara muğam üstə söyüş söyür. Nəzarəçiləri onu yoxlamağa icazə vermir. Məhz bu səbəblərdən də Pənahlı karserə salınıb. Ona gətirilən həkimlər içərisində psixiatr olub.

Qeyd edək ki, bu ilin yanvarında döymə və xuliqanlıq ittihamları ilə tutulan Nemət Pənahlı iyunun 17-də Nəsimi rayon məhkəməsinin qərarı ilə 6 il müddətində azadlıqdan məhrum edilib.

anspress