“Nəqliyyat kartı” niyə bahadır?- - Üç manatlıq kartın 1 manatlıq taleyi

neqliyyat-karti-niye-bahadir-
Oxunma sayı: 2057



Nəqliyyat üçün nəzərdə tutulan kartların istifadəsinə hələ tam başlanılmasa da, artıq vətəndaşları bəzi məsələlər narahat edir. Onları daha çox kart alarkən tələb olunan 3 manatın 2 manatının sığorta depozitinə nə səbəbə ayrılması maraqlandırır. 

İki manat sığorta depozitinin nə məqsədlə tətbiq edilməsi bir çoxlarına qaranlıq qaldığından “Qafqazinfo” məsələni aydınlaşdırmaq üçün  Nəqliyyat Nazirliyini  sözçüsü Namiq Həsənovla əlaqə saxlayıb.

Bildiyimiz kimi, kartın qiyməti 3 manatdır, onun  2 manatı  sığorta depozitidir, 1 manat isə balansa yüklənilir.

Nazirliyin sözçüsü isə bildirib ki, karta görə sığorta depoziti dünyanın hər yerində tətbiq olunur: 

“Burada məqsəd ondan ibarətdir ki, müştəri kartı qaytarmaq istədikdə bankın filialları 2 manatı vətəndaşa geri qaytarır”.

Nəqliyyat kartlarını hazırlayan “Bank of Azerbaijan”nın marketinq şöbəsindən də “Qafqazinfo”ya bildirdilər ki,  əgər müştəri kartı istifadə etməzsə,  ya da çıxıb rayona gedərsə kartı banka qaytarır və 2 manatını da geri verilir. 1 manat isə gediş haqqıdır. 

İqtisadçı ekspert Samir Əliyev qeyd edib ki, sığorta depozitinə çıxılan iki manatı yeyinti hesab etmək olmaz: “Çünki pul kartda qalır. Əgər onların dediklərinə inansaq, siz kartı geri qaytarmaqla pulu ala bilərsiniz.  Dünyanın ayrı–ayrı ölkələrində sığorta depoziti var.  Bundan əlavə dayanacaqlarda aparatlar quraşdırılır. Həmin aparatda bir dəfəlik və ya uzunmüddətli gedişlər yüklənə bilər. Siz birdəfəlik ya da uzun müddətlik kart ala bilərsiniz. Kartı nə qədər uzun müddətə alsanız, bu sizin də xeyrinizə olar. Bəzi yerlərdə əməkhaqqı kartından da nəqliyyat kartı kimi istifadə olunar. Bu gün dünyada birmənalı olaraq kart sistemi yoxdur.  Həm kart sistemi, həm də birdəfəlik gedişlər var. 

Ekspertin sözlərinə görə, burda əsas məsələ odur ki, sığorta depozitinin qiymətini aşağı salmaq mümkündür: 

“Məsələn, 1 manat olsaydı, yaxşı olardı. Çünki bir ailədən bir neçə nəfər kart alsa, bu ailənin büdcəsinə uyğun olmaya bilər”.

Günel