Nərimanov İcra başçısı yanında Şuranın geniş iclası keçirilib

nerimanov-icra-bascisi-yaninda-suranin-genis-iclasi-kecirilib
Oxunma sayı: 1039



"Qafqazinfo"ya daxil olan məlumata görə, iclasda Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkili Rasim Musabəyov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov iştirak edib.

Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesindəki mərhum prezident Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq onun əziz və parlaq xatirəsini ehtiramla yad etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hesabat məruzəsi ilə çıxış edərək cari ilin yanvar ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərə yekun vurduğunu və 2014-cü ildə qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirmişdir. A.Fərzəliyev hesabat məruzəsində tədbir iştirakçılarının diqqətini rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2013-cü ildə görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini nəzərə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ildə 6 dəfə Nərimanov rayonunda olmuş, obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə inşası davam edən obyektlərdə işlərin gedişatı ilə tanış olmuşdur. Belə ki, 31 yanvar 2013-cü il tarixdə “Bakıelektrikşəbəkə” ASC-nin Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyasının, 07.03.2013-cü il tarixdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusunun açılış mərasimlərində iştirak etmiş və 20 may və 22 oktyabr 2013-cü il tarixlərdə Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanış olmuşdur. Prezident 2 sentyabr 2013-cü il tarixdə isə “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı layihəsi çərçivəsində inşa edilən beş tunelin və 13 dekabr 2013-cü il tarixdə isə “Kitabi-Dədə Qorqud” abidəsinin və yeni salınan Dədə Qorqud parkının təntənəli açılış mərasimində iştirak etmişdir. Həmçinin bu il yanvarın 7-də ölkə başçısı respublikanın ən iri səhiyyə müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzinin təntənəli açılışında iştirak edib.

İclasda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxışında respublikanın sosial-iqtisadi və mədəni sahələrində əldə edilmiş nailiyyətlərin təhlilini verdi və Nərimanov rayonunda hesabat ilində görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək 2013-cü il yanvarın 15-dən Nərimanov rayonunda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 nömrəli “ASAN xidmət” mərkəzinin vətəndaşların istifadəsinə verildiyini, eyni zamanda, “ASAN xidmət”-in şəffaflığın artırılması, vətəndaşlarla dövlət orqanları arasında bürokratik əngəllərin aradan qaldırılması, dövlət orqanlarının fəaliyyətində operativliyin artırılmasına nəzarət və qiymətləndirmənin aparılması, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyətini xüsusi vurğuladı.

Sonra çıxış edən millət vəkili R.Musabəyov vaxtaşırı seçiciləri qarşısında hesabat verdiyini qeyd edərək, ümumiyyətlə rayon ərazisində 2013-cü ildə görülmüş işləri yüksək qiymətləndirdi və bu işlərin artan templə davam etdiriləcəyinə, Nərimanov rayonunun ölkəmizin inkişafına yeni töhfələr verəcəyinə əmin olduğunu bildirdi.

Hesabat məruzəsi ətrafında Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi N.Babayev, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru N.Məmmədov, Rayon Gənclər və İdman İdarəsinin rəisi N.Novruzov çıxış edərək işlədikləri müəssisələrdə görülmüş işlər barədə hesabat verdilər.

İclasın sonunda rayonun ictimai – siyasi və mədəni həyatında fəallıq göstərən, dövlət qulluğunda, təhsil, səhiyyə, xidmət sahələrində fərqlənən şəxslər Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.