Nərimanovda müharibə veteranlarının günü qeyd olundu

nerimanovda-muharibe-veteranlarinin-gunu-qeyd-olundu
Oxunma sayı: 1774

Mayın 9-da Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində faşizm üzərində Qələbənin 73-cü ildönümü ilə əlaqədar mərasim keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, Böyük Vətən müharibəsi veteranları, Milli Məclisin deputatları Adil Əliyev və Rasim Musabəyov, MDB ölkələrinin ölkəmizdəki səfirlərinin və digər akkreditə olunmuş nümayəndələrinin, hərbçilər, gənclər, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Böyük Vətən Müharibəsində, həmçinin torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

MDB ölkələri səfirləri adından veteranları təbrik edən Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev Azərbaycan dövlətinin rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini xüsusi qeyd edib. 

Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, gül dəstələri düzüb, kompleksi ziyarət edib, həmçinin veteranlarla foto çəkdiriblər.

Tədbirdən sonra retro avtomobillərin yürüşü təşkil olunub.