Nəsimi rayonunda aztəminatlı ailələrlə görüş keçirilib

nesimi-rayonunda-azteminatli-ailelerle-gorus-kecirilib
Oxunma sayı: 905

Nəsimi rayonunda “İslam Həmrəyliyi ili” çərçivəsində “Milli mənəvi dəyərlərimiz” mövzusunda rayonun aztəminatlı ailələrinin üzvləri ilə görüş keçirilib və Heydər Əliyev Fondu tərəfindən bayram sovqatları paylanılıb.

"Qafqazinfo" xəbər verir ki, Ramazan ayında Nəsimi rayonunun müxtəlif yaşayış sahələrində iftar süfrələri təşkil olunur, imkansızlara müxtəlif köməkliklər göstərilir.  Ramazan ayı ilə bağlı görülən işlər çərçivəsində növbəti tədbir Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Gözdən Əlillər və digər ictimai təşkilatların,  rayondakı abadlıq və quruculuq işlərində yaxından iştirak edən rayon təsərrüfat xidmətlərinin işçilərinin iştirakı ilə keçirilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə  Ramazan bayramı ərəfəsində  Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  keçirilən tədbirdə ilk növbədə yardıma ehtiyacı olan – şəhid, əlil, müharibə veteranları, rayonda məskunlaşmış məcburi köçkünlər, tənha və kimsəsizlərə, ümumilikdə 1 000 (min) ailəyə ərzaq bağlamaları paylanılıb.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə təşkil edilən tədbirdə iştirak edənləri salamlayaraq qeyd edib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Asif Əsgərov ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirir.

Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov çıxış edərək tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edərək Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr və tədbirlər haqqında məlumat verib.

Tədbirdə iştirak edənlər Ramazan bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı İlham Əliyevə və və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.