Nəsimi rayonunda Beynəlxalq Ailə günü qeyd edildi - Foto

nesimi-rayonunda-beynelxalq-aile-gunu-qeyd-edildi
Oxunma sayı: 1370

15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. 

“Qafqazinfo” xəbər verir ki, Nizami Kino Mərkəzində Beynəlxalq Ailə günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti və Ədliyyə Nazirliyinin birgə tədbiri keçirilib. Tədbirdə Nəsimi rayonunda eləcə də regionlarda yaşayan 50 və 25 ilə yaxın birgə ömür sürmüş ailələr, ağsaqqal və ağbirçəklər, gənc ailələr, QHT-lərin nümyəndələri və qonaqlar iştirak ediblər.

Bayram tədbirində Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirib ki, 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu tədbir planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.

Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova və digərləri çıxış edərək bildiriblər ki, Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. 

Tədbirdə iştirak edən ağsaqqallar, ağbirçəklər və 50 ilə yaxın birgə ömür sürmüş ailələrin üzvləri gənc ailələrə öz dəyərli məsləhətlərini və tövsiyyələrini veriblər.

Daha sonra 50 və 25 ilə yaxın birgə ömür sürmüş ailələrə hədiyyələr təqdim olunub.

Tədbir Bakı Musiqi Akademiyasının, Azərbaycan Respublikası Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin bədii kollektivlərinin konserti ilə davam edib.