Nəsimidə 20 Yanvar münasibətilə tədbir keçirilib

nesimide-20-yanvar-munasibetile-tedbir-kecirilib
Oxunma sayı: 958

Nəsimi rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə layihəsi əsasında Bakı şəhərində səfərdə olan Türkiyə Cümhuriyyətinin şəhid və veteran ailələrindən olan uşaq və gənclərin, “20 Yanvar”  Cəmiyyətinin Nəsimi rayon Təşkilatı üzvlərinin, Qarabağ müharibəsi şəhid ailələri, əlilləri və veteranlarının, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov bildirib ki,  Türkiyənin İzmit şəhəri ilə Bakı şəhərinin Nəsimi rayonu arasında “Qardaşlaşmış münasibətlər” mövcuddur və 2015-ci ilin sentyabr ayında Bakıda səfərdə olan İzmit bələdiyyəsi ilə Nəsimi bələdiyyəsi arasında niyyət protokolu imzalanmışdır.  Ötən  dövr  ərzində Nəsimi rayonu və İzmit şəhərində hər iki tərəf üçün əhəmiyyət daşıyan mühüm tədbirlər həyata keçirilmiş, nümayəndə heyətlərinin, o cümlədən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası nümayəndələrinin iştirakı ilə qarşılıqlı səfərlər baş tutub.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının nümayəndə heyəti 2017-ci ilin dekabr ayında  Bakı şəhərinə səfər edərək Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə keçirilən tədbirlərdə, həmçinin 2018-ci ilin may ayının 10-da 4-cü mikrorayonda razılaşdırılmış layihəyə uyğun olaraq, müasir tələblərə cavab verən,  sakinlərin istirahəti üçün hər cür şərait yaradılmış Türkiyə Cümhuriyyətinin İzmit şəhərinin adını daşıyan yeni istirahət parkının açılış mərasimində iştirak edib. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar qonaq pərvərliyə və isti münasibətə görə minnətdarlıq edərək 20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində reallaşan səfərin əhəmiyyətindən danışıb.

Tədbirin sonunda rayon İcra Hakimiyyəti tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Yanvar ayının 23-dək davam edəcək səfərdə qonaqlar rayonda keçiriləcək müxtəlif tədbirlərdə iştirak edəcək, Bakı şəhərinin tarixi yerləri və muzeyləri ilə tanış olacaqlar.