Nəsimidə gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib

nesimide-genclerin-herbi-xidmete-yola-salinmasi-merasimi-kecirilib
Oxunma sayı: 1423

Nəsimi rayonunda gənclərin həqiqi hərbi xidmətə çağırış kampaniyasına start verilib. İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu yöndə rayonda müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri də bu gün rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, hərbi xidmətə yola salınan gənclərin və onların valideynlərinin iştirakı ilə, “Şərq sarayı” restoranında keçirilib.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Nəsimi rayon idarəsinin rəisi,  polkovnik Eldəniz Əliyev çıxış edərək bildirib ki, prezidentin “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci ilin oktyabr ayının 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmətdən, hərbi qulluqçuların ehtiyata buraxılması ” haqqında 05 sentyabr 2017-ci il tarixli, 3209 saylı Sərəncamına və “Azərbaycan Respublikasında Hərbi Vəzifə və Hərbi Xidmət Haqqında Azərbaycan Respublikası Qanununa əsasən ” Nəsimi rayonunda gənclərin həqiqi hərbi xidmətə çağırışına başlanılıb.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Müasir dünyamızda baş verənlər təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə çətinlik çəkirlər. Bir həqiqət var ki, bütün diplomatik danışıqların arxasında güclü ordu dayanır. 

Tədbirin sonunda hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifasında mahnılar səslənib