Nəsimidə Konstitusiya günü qeyd edilib

nesimide-konstitusiya-gunu-qeyd-edilib
Oxunma sayı: 1400

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə K.Kərimov adına 8 saylı tam orta məktəbdə “12 noyabr - Konstitusiya günü” münasibəti ilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, Konstitusiya mövcud dövlətin bütöv hüquq sisteminin özəyi kimi çıxış edən, ölkə vətəndaşlarının maraq dairəsində olan ictimai həyatı və əsas dövlət qurumlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktdır.

“Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisədir. Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra öz Konstitusiyasını qəbul etmək imkanı əldə etdi. Ümummilli lider Heydər Əliyevin sədrliyilə layihəsi hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi xalqımızın tarixində ən parlaq səhifələrdən biridir.

Bu gün Azərbaycanda həyata keçirilən hüquqi islahatlar ictimai proseslərin və münasibətlərin normal tənzimlənməsi faktı ilə uzlaşır və onu zəruri edir. Bu istiqamətdə yürüdülən siyasət Heydər Əliyev ənənələrinin layiqli davamçısı olan dövlət başçısı İlham Əliyev tərəfindən xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir, - deyə G. Verdiyeva vurğulayıb.

Daha sonra tədbirdə rayon məktəblərinin yuxarı sinif şagirdləri tərəfindən ayrı-ayrı sahələr – müdafiə, hüquq-mühafizə orqanları, daxili və xarici siyasət, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və digər sahələr üzrə Konstitusiyamızın qəbulundan sonra, xüsusi ilə son 15 ildə qazanılmış uğurlar və əldə olunmuş nailiyyətlər referat – müşavirə formatında tədbir iştirakçılarına təqdim olunub.

Tədbirdə fəal iştirak edən bir qrup məktəbli fəxri fərmanla təltif edilib.