Xocalı faciəsinin ildönümü Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət, orta və ali təhsil müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər təşkil olunur.
"Qafqazinfo" xəbər verir ki, faciənin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Nəsimi rayonunda məskunlaşmış bir qrup Xocalı nümayəndələri ilə görüş keçirilib. Görüşdə çıxış edən icra başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün ümummilli lider Heydər Əliyevin böyük əməyi olub. Asif Əsgərov qeyd edib ki, prezident İlham Əliyevin və birinci vitse- prezident Mehriban Əliyevanın apardıqları məqsədyönlü siyasətin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur.
Tədbirin sonunda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Xocalı sakinlərini qəbul edib, onların qaldırdıqları məsələlərlə bağlı müvafiq izahatlar və aidiyyəti üzrə tapşırıqlar verib.
Sonra Nəsimi rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən yardımlar göstərilib.