Nəsimidə Zərifə Əliyevanın xatirəsi anılıb

nesimide-zerife-eliyevanin-xatiresi-anilib
Oxunma sayı: 1429

Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə Əliyevanın anadan olmasının  95 illiyi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Qalereya 1969”da elm xadiminin xatirəsinə həsr olunmuş  Azərbaycanın tanınmış rəssamlarının əl işlərindən ibarət sərginin açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Mədəniyyət  Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, tanınmış səhiyyə işçiləri, rayon ictimaiyyətinin, ağsaqqalların, veteranların, gənclərin nümayəndələri iştirak edib.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, akademik Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Zərifə Əliyevanın anadan olmasının  95  illiyinə  həsr olunan tədbirin əhəmiyyəti və alimin əziz xatirəsinə həsr olunan sərginin təşkilində əməyi olanların işindən danışıb, nümayiş etdirilən rəsm əsərlərini yüksək qiymətləndirib.

Sonra sərgidə nümayiş etdirilən əsərlərlə tanışlıq olub.  Mərasim  iştirakçıları  Azərbaycanın görkəmli rəssamlarından olan Oqtay Sadıxzadənin «Zərifə xanım Əliyevaının portreti», Altay Sadıxzadənin «Mehriban xanımın portreti» , həmçinin xalq rəssamları Mikayıl Abdullayevin, Tahir Salahovun, Maral Rəhmanzadənin, Xalidə Səfərovanın, Səttar Bəhlulzadə, habelə Ucal Haqverdiyev, Mais Ağabəyov, Elçin Orucov   və digər görkəmli rəssamların anaya, Azərbaycan qadınlarına həsr olunmuş əsərlərinə tamaşa ediblər.

Tədbirdə həmçinin Nəsimi rayon məktəbliləri arasında Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsinin qalibləri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıblar.