Nəsiminin söz xəzinəsi “Afişa”da - Fotolar

nesiminin-soz-xezinesi-afisada
Oxunma sayı: 889

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə söz ustadı İmadəddin Nəsiminin 650 illik yubileyi, eləcə də ölkəmizdə elan edilən “Nəsimi ili” mədəniyyət, təhsil, elm ocaqlarında silsilə tədbirlər, layihələrlə qeyd edilir.

“Qafqazinfo”nun məlumatına görə, kitabxanalarda Nəsiminin əsərlərinin nəşrləri, şairin həyat və yaradıcılığı haqqında çoxlu kitablar, monoqrafiyalar var. Şairin əsərləri rus, ingilis, alman, fransız, türk, fars və başqa dillərdə də işıq üzü görüb. Nəsimi haqqında müxtəlif ekran, səhnə, musiqi əsərləri var, amma humanizm carçısı olan şairin irsi ilə ən yaxın, bilavasitə tanışlıq mənbəyi onun özünün əsərləridir. “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin növbəti sayı oxucuları bu əngin söz dünyasına kiçik səyahətə aparır.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanaraq çap olunan və pulsuz yayılan nəşrin aprel buraxılışında paytaxtın teatr və konsert müəssislərinin, kino və sərgi zallarının aylıq afişası, tədbirləri haqqında məlumatlarla yanaşı, Nəsimi irsindən nümunələr – qəzəllərindən seçmələr də dərc edilib. Burada həmçinin böyük şairin Azərbaycan Milli Kitabxanasının fondunda saxlanılan kitabları, Nəsiminin həyat və yaradıcılığı ilə bağlı müxtəlif dillərdə işıq üzü görən nəşrlər haqqında qısa məlumat verilir.

“Mədəniyyət+Afişa” nəşrinin məqsədi Bakı sakinlərini, eləcə də şəhərə gələn qonaqları mədəniyyət və incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin dolğun təşkili üçün bu  müəssisələrin fəaliyyətinə informasiya dəstəyi verməkdir. Nəşr bu sayından etibarən oxuculara xalqımızın zəngin ədəbi xəzinəsinin incilərini təqdim etmək, mütaliəyə marağı təşviq etmək yönündə də öz töhfəsini vermək niyyətindədir. Nəsiminin söz dünyasına səyahət bu yolda ilk addımdır.