“NİDA”çılarla vəhhabilərin həbsi ilə bağlı - - Zakir Qaralova hesabat

nidacilarla-vehhabilerin-hebsi-ile-bagli-
Oxunma sayı: 1896



Bu gün Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib. "Qafqazinfo”ya daxil olan məlumata görə, Zakir Qaralovun birinci müavini Rüstəm Usubov hesabat məruzəsi ilə çıxış edib. 

O, bildirib ki, hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən cəmiyyətdə böyük rezonansa səbəb olan bir neçə ağır və xüsusilə ağır cinayətlərə dair işlərin istintaqı aparılıb.

“Belə ki, 23-24 yanvar 2013-cü il tarixlərdə İsmayıllı şəhərində baş vermiş kütləvi iğtişaş, özgə əmlakının qəsdən məhv edilib zədələnməsi, hakimiyyət nümayəndəsinə zor tətbiq edilməsi və sair faktlarla, həmçinin 7 mart 2013-cü il tarixdə “Nida” adlı qurumun bir qrup üzvlərinin yaşadıqları ünvanlarda Bakı şəhərində kütləvi iğtişaşlar törətmək məqsədilə kütləvi aksiyada insanların həlak olmasına yönələn partlayışların törədilməsində istifadə üçün əldə olunmuş “Molotov kokteyli” adlanan partlayıcı qurğuların aşkar edilməsi faktları ilə bağlı başlanmış cinayət işləri üzrə ümumilikdə 28 nəfər təqsirləndirilən şəxs barəsində cinayət işlərinin ibtidai istintaqı tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Ağır Cinayətlər Məhkəmələrinə göndərilmiş və hazırda həmin cinayət işləri məhkəmə baxışında olmaqla yekunlaşmaq üzrədir.

İdarədə həmçinin böyük ictimai rezonansa səbəb olan digər cinayət işlərinin, o cümlədən Qusar rayonunda vəhhabilik təriqətinə mənsub bir qrup şəxsin banditizm, polis əməkdaşlarının qəsdən öldürülməsi, Zaqatala rayonunda cinayətkar qruplaşmalar arasında cinayət aləmində üstünlük əldə etmək məqsədilə aralarında baş vermiş münaqişə, Sumqayıt şəhərində çay evində odlu və soyuq silahlar, partlayıcı qurğular tətbiq edilməklə törədilmiş hadisələrlə əlaqədar istintaqı davam etdirilir.

Baş Prokurorluğun rəhbərliyinin daim diqqət mərkəzində olmaqla və ciddi narahatlıq doğuran məsələlərdən biri kimi qaz sızması və partlayışı, habelə dəm qazından zəhərlənmə ilə əlaqədar insanların ölümü və sağlamlığına zərər vurulması, ölkə iqtisadiyyatına və vətəndaşlara əhəmiyyətli ziyan dəyməsi ilə nəticələnən hadisələrlə bağlı digər aidiyyəti qurumlarla əlaqəli şəkildə məqsədyönlü tədbirlər həyata keçirilib.

Cinayətkarlığa qarşı mübarizə sahəsində terrorçuluq, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı mübarizə məsələləri də daim diqqət mərkəzində saxlanılmaqla, bu qəbldən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitlərin aşkarlanaraq qabaqlayıcı və profilaktiki tədbirlərin görülməsi təmin edilib”.