“NİDA”çının həbsi sentyabra qədər uzadıldı

nidacinin-hebsi-sentyabra-qeder-uzadildi
Oxunma sayı: 650

Bununla bağlı “Qafqazinfo”ya açıqlama verən vəkil Əsabalı Mustafayev bildirib ki, onların səsləndirdikləri arqumentlərə baxmayaraq Rəşadın həbsinin uzadılmasına qərar verilib: “Biz əlbəttə ki, buna etiraz etdik. Rəşadın tutulduğu gün istisna olmaqla ötən müddət ərzində heç bir istintaq işi aparılmayıb. Eyni zamanda ilkin sübutlar yoxdur. Rəşad Həsənov heç bir cinayət işi törətməyib. Onlar sadəcə Məmməd Əzizovun və Bəxtiyar Quliyevin ifadələrinə istinad edirlər. Nəzərə almaq lazımdır ki, həmin uşaqlar o vaxt ifadə verərkən onların şəxsi vəkilləri olmayıb. Bu da müdafiə hüququnun pozulması idi. Onlar sonra verdikləri ifadədən imtina etdilər. Yəni ki, Rəşadı ittiham etmək üçün heç bir sübut yoxdur”.

Vəkil onu da əlavə edib ki, onlar təklif ediblər ki, istintaq davam etsin, amma Rəşad azadlığa çıxsın: “Bizim bu təklifimizi də nəzərə almadılar və həbs müddətini uzatdılar”.

Ə. Mustafayev qeyd edib ki, hazırda Bəxtiyar Quliyev və digər “NİDA”çıların həbsinin uzadılması ilə bağlı proses gedir.

Qeyd edək ki, hazırda NİDA Vətəndaş Hərəkatının 7 üzvü – Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlı həbsdədir.

Gülnar