Niftiyevin işi yüksək qiymətləndirilməlidir…

niftiyevin-isi-yuksek-qiymetlendirilmelidir
Oxunma sayı: 1226

“İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, professor Rafiq Əliyev tədqiqatçı-jurnalist Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabı haqda rəy yazıb. “Qafqazinfo” həmin rəyi təqdim edir.

Azərbaycanda 2016-cı il “Multikulturalizm ili” elan olunub.

Dünyada, xüsusilə multikulturalizm siyasətinin həyata keçirildiyi Avropa İttifaqı ölkələrində bu fenomenin son dərəcədə deqradasiyaya uğradığı bir vaxtda, mədəniyyətlər, etnoslar, dinlər, dini və milli azlıqlarla çoxluq təşkil edən millətlər (etnosun) arasında baş verən konfliktlərin dərinləşməsi fonunda ölkəmizin atdığı bu addım öz əhəmiyyətini birə on artırır, multikulturalizmin alternativinin olmadığını bir daha təsdiqləyir.

Azərbaycan dünya səviyyəsində hər zaman tolerantlıq, dözümlülük nümunəsi kimi tanınıb. Bu barədə ilk dəfə 2002-ci ildə Almaniyanın, Norveçin Bakıda fəaliyyət göstərən səfirləri, o cümlədən 2003-cü ilin mayında ölkəmizə səfər edən Roma Papası II Pavel tərəfindən dünya ictimaiyyətinə mesaj verilmişdir. Onların dilə gətirdikləri “Azərbaycan dünya üçün tolerantlıq nümunəsidir” fikri dünya ölkələri və xalqları tərəfindən qəbul edilmişdir.

Birgəyaşam fenomeninin ölkəmizə nəsildən-nəslə keçərək, bu günə kimi gəlib çıxdığını, inkişaf etdirildiyini, onun ölkədaxili siyasətin əsas amillərdən biri kimi vacib əhəmiyyət kəsb etdiyini vurğulayan Prezident İlham Əliyev tarixi irsimizə sadiqliyini bir daha sübut etmiş oldu.

Odur ki, bu sistem xarakteri daşıyan birgəyaşayış anlamını cəmiyyətə, insanlara çatdırmaq, onu təbliğ etmək humanitar profilli alimlərimizin, yazıçı və öz ictimai fəallığı ilə fərqlənən jurnalistlərimizin əsas işi olmalıdır. Təəssüf ki, sözügedən mövzuya əsərlər həsr edən tədqiqatçılar hələ ki, azlıq təşkil edirlər. Buna görə də “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabında birgəyaşayışın Azərbaycan modelini tarixi sənədlər əsasında dərindən araşdırmış, tolerantlığın məhz milli mentalitetimizə xas keyfiyyət olduğunu faktlarla sübuta yetirmiş tədqiqatçı-jurnalist Niyaz Niftiyevin işi yüksək qiymətləndirilməlidir. Əsas məqsədi bu vaxta kimi tədqiq olunmayan milli azlıqların öyrənilməsi olan araşdırmada müstəqillik illərindən etibarən dövlətin bu sahəyə böyük diqqət ayırdığı ön plana çəkilmişdir. Təqdim olunan araşdırmada milli azlıq və multikulturalizm anlayışları həm dünya, həm də Azərbaycan alimlərinin baxış bucağından öyrənilmişdir. Ən əsası isə birgəyaşayışda azərbaycançılıq ideologiyası milli birliyin əsası kimi göstərilmişdir.

Kitabın müəllifi tarixi faktlarda ədəbiyyat nümunələrinə istinad edərək sübut edir ki, multikulturalizmin tarixinin bu gün dünya üçün on illər təşkil etməsinə rəğmən Azərbaycan tolerantlıq baxımından min illərdir bəşəriyyətə nümunə göstərir. Azərbaycan müxtəlif etnik və dini qrupların konfliktsiz mehriban şəkildə birgə yaşadıqları çoxmillətli və çoxdinli ölkədir. Tarixən Azərbaycanda insanlar arasında milli, dini və irqi ayrı-seçkiliyə yol verilməmiş, tolerantlıq milli mentalitetimizə xas olmuş Azərbaycanda yaşayan xalqların həyat tərzinin vacib hissəsinə çevrilmişdir. Yüzilliklər boyunca Azərbaycanda dünya dinləri və millətləri sülh və əmin-amanlıq içində dinc yanaşı fəaliyyət göstərmişdir.

Dünyada islamofobiyanın, milli və dini dözümsüzlük hallarının hökm sürdüyü bir vaxtda birgəyaşayışın Azərbaycan modelinin öyrənilməsi artıq tarixi zərurətə çevrilmişdir. Bütün dünyada milli və dini münaqişələr fonunda artan anlaşılmazlığa yol verməmək üçün birgəyaşayışın Azərbaycan modeli haqqında düşünmək və bu modeli digər ölkələrdə də göstərmək, təbliğ etmək, dünya xalqlarına sülh və əmin-amanlıq yolunda vacib əyani vəsait rolunu oynaya bilər. Bu baxımdan tədqiqatçı-jurnalist Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” adlı kitab nəinki elmi, həm də böyük siyasi aktuallıq nümunəsi, tolerantlıq təcrübəsinin pozitivliyini dərindən aşılayan bir əsər kimi qiymətləndirilə bilər.

Kitab bu sahədə çalışan müəllim və tələbələrlə yanaşı, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Güman edirəm ki, bu kitab multikulturalizmin və tolerantlığın həyat tərzinə və birgəyaşayış normasına çevrildiyi Azərbaycanda millətlərarası və dinlərarası dialoq, barışıq və tolerantlıq mühi¬tinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.