Nigarı çaşqınlığımız öldürdü

nigari-casqinligimiz-oldurdu
Oxunma sayı: 3693

Azər Qismət

Nə vaxtandır bu qızın xərçəng xəstəliyinə tutulması barədə yazılırdı. Hamı dualarını əsirgəmir, FB sosial şəbəkəsində ürək-dirək verirdi. Ancaq konkret necə kömək etmək lazım gəldiyini kimsə bilmir, çaşqınlıq içində qalırdı. Hesab nömrəsi açan olmadı. Bəlkə də açan olmuşdu, ancaq geniş şəkildə yayılmadı. Ayrı-ayrı jurnalist dostları, bir-iki deputat gedib baş çəkib yardım etdi. Lakin külli miqdarlı yardım verilmədi.

Halbuki açıq-aydın deyilmişdi ki, onun xəstəliyinə əlac var: 100 000 dollar. Necə və nə cür yardım edəsən... çaşqınlıq yarandı. Elə bu çaşqınlıq içində bir də səhərimizi açdıq ki, 33 yaşlı qız dünyasını dəyişib. O qız ki, işıqlı gənclərdən sayılırdı və bu ölkəyə xeyir verə bilərdi.

Nigar İsmayılqızı ilə bağlı ağlamalı, ürək sızladan sözlər də yazmaq olar. Bunu sağlığında yazmaq olardı ki, hansısa imkanlı adamın ürəyinə ağrı dolsun, bir gənci ölümün ağuşundan xilas etmək üçün yardım etsin. Lakin indi gecdir. İnsanı itirdik. İşıqlı insanı.

Adamlarımız belə çaşqınlıq içində çox qalıb. Kiməsə yardım etmək istəyib, ancaq necə etməyin qaydasını bilməyib. Bəzi hallarda inamsızlıq da humanist addım atmağa imkan vermir. Aşura günündə qan verilir ki, o qandan ən ümidsiz xəstə şəfa tapsın. Ancaq o qan baha qiymətə satılır. Elə Nigar da o qanı pulla alırdı. Xeyriyyə ilə toplanan qanın qiymətində güzəşt olmalıdır. Kimsə xəstə uşağının şəklini çəkib pul yığır, sonra məlum olur ki, fırıldaqçının biri imiş. Belə hallar da baş verir. Adamların inamı qırılıb.

Nigar kimi insanların vaxtsız ölməməsi üçün adamlara xeyirxahlıq üçün şərait yaratmaq lazımdır. Məsələn, bizim mobil operatorlar lazımsız arıqlama, dieta, ya hansısa şou-biznes nümayəndələrinin bir-biri ilə saçyolduya çıxması ismarıclarının yerinə hansısa xəstəyə kömək üçün kampaniya keçirə bilər. Qıcıqlandırıcı ismarıclar yerinə beləsi də gələ bilər: “Nigar İsmayılqızı. 33 yaşı var. Yazıçı-jurnalistdir. Qan xərçəngindən əziyyət çəkir. Onun xilası üçün filan nömrəyə NİGAR yazın. Sizdən 20 qəpik tutulacaq. Ancaq bu kiçik xərclə insan həyatını xilas edə bilərsiz. Tanrı yaxşılığınızı unutmaz”. Bunu etmək olarmı? Əlbəttə, olar.

Yaxud, MİLLİÖN aparatlarında XEYRİYYƏ adlı hissə də yaradılsın. Hər ay 3-4 ağır xəstə barədə məlumat öz əksini tapsın. Kim yardım əlini uzatmaq istəyirsə, kommunal xərcləri ödəyərkən onlara da imkanı daxilində köməklik etsin. Qəpiklər iri əskinaslara dönər. Özü də nə qədər maliyyə toplanması barədə KİV vasitəsilə əhaliyə məlumat verilsin ki, adamlar daha da həvəslənsinlər, toplanmayan məbləğ tez müddətdə xəstəni ölümdən qurtarsın.

Belə çaşqınlıq, hara, nə cür pul vermək lazım olduğunu düşüncələri içində qalmaq 33 yaşlı qızı aramızdan apardı. Nigarla bir yerdə işlədiyimiz müddət ərzində onun necə xeyirxah olduğunu görən şəxs kimi deyirəm ki, bunu bizdən gözləyirdi. Ancaq neyləyəsən ki, bu sahədə təşkilati iş yetərincə qurulmadığından, onu xilas edə bilmədik.

Nigar, bir insana pislik etməyən qız idin. Ruhun necə təmiz, necə paklıqla asimana pərvazlandı. Bağışla bizi.