Niyə hamı özünü qayınana kimi aparır?

niye-hami-ozunu-qayinana-kimi-aparir
Oxunma sayı: 658

Nərmin Dadaşova 

Gəldim ki, yenə deyinəm. Bəri başdan deyim, biləsən oxucu dost. Mən tarixə düşsəm-düşsəm deyingənliyimlə düşəcəyəm.  “İnsan da hər şeydən bu qədər narazı olarmı, Allah eşqinə”, deyirsən  haqqımda, əminəm.  – Haqlısan, olmaz.

Bizim üç bacı dolması tək ayrılmaz üç möhtəşəm günəşimizdən biri olacaq mövzumuz yenə. Nəqliyyat.  Bəxtimin göyçəkliyindən gündəlik istifadə etdiyim transportda  çox təəssüf ki, birdənə də olsun  “Baku Bus”  rahatlığının olmamasına görə hər səhər bu istidə  metroda ölüm-qalım savaşı verərkən, uşaqları  lənətə gəlmiş 77 nömrəli  marşruta mindirərkən  xeyli deyinirəm.  Bir insan uca yaradanın yadından bu qədər  çıxarmı? Nə olardı, evdən çıxıb kənardan dörd-dördlük görünən bu qırmızı “bus”lara minib, kondisionerin sədaları altında, qabaq qapıdan minib, arxa qapıdan düşən insanların müşayiəti ilə  bir də çatacağım ünvanda düşsəydim- təxminən deyinmə monoloqumun mətni belə olur. 

Anam əməliyyat olunandan sonrakı iki həftəni  marşrutumu dəyişəsi oldum və  yenə də bəxtimin göyçəkliyindən  gözəl tanrım məni xatırladı. Yazıqdı, istidə gündə bir neçə dəfə metroya düşməsin, qızcığaz deyib,  “Baku Bus”ı evimlə işim arasında zivə kimi tarma çəkdi. Hop, burda minib düz orda düşürdüm. Sərinmi- sərin, təmizmi -təmiz, genişmi- geniş. Di gəl, üçcə gün dözdüm sonra yenə köhnə marşrutuma geri döndüm- özüm öz xoşumla. Qısası, şair demiş, bu sevgim də daşa dəydi, daş düşsün daşın başına.   

21-ci əsrin tələblərinə cavab verən, sərnişinlərə rahat və təhlükəsiz xidmət göstərən, dünya təcrübəsindən istifadə edən,  adamlara “20 qəpik” kimi baxan digər marşrut sürücülərindən fərqli olaraq daha  intellektual, lazım gələndə onların səhhətlərində yaranan problemə belə müdaxilə edə bilən sürücüləri olan bu müdhiş nəqliyyat vasitəsindən məni didərgin salan yol boyu bizə  bələdçilik edən o məlahətli səsli qadın oldu. Daha doğrusu, qadının insanlara yol boyu etdiyi xəbərdarlıqlar. Diksindim, oxucu dost.  Doğrudanmı, bizim gedəcəyimiz iki-üç dayanacaqlıq yol boyu bu xəbərdarlıqları dəfələrlə eşitməyimizə lüzum var? Doğrudanmı, onlar o fikirdədilər ki, bizim çöl-bayırlığımız yoxdu, ictimai nəqliyyatda özümüzü idarə edə bilmirik, mütləq kimsə başımızın üstündə dayanıb məsləhət verməlidi. Mütləq kimsə bizi idarə etməlidir?  Yadımda qalanlardan bir-ikisini yazım sizin üçün:

Deyir avtobusun gəlib-gəlmədiyini yoxlamaq üçün yolun ortasına çıxma, qaxıl yerində, gələndə gələcək, deyir, yaşlılara, əlillərə, hamilə qadınlara yol ver, onlara nəzakətlə kömək et,  deyir avtobusda olarkən etik davranış qaydalarına əməl et, bunlar cəhənnəme, deyir avtobus dayanmamış düşmə, qapılar açılmamış minmə.  

Allah eşqinə, dostlar, hansınız bu hərəkətləri edib, bu xəbərdarlıqlara zərurət yaratmısız,  müğənni  demiş, “mənə onu çağırın gəlsin”

Sizi bilmirəm, məni bu “məsləhətlər”, səhər tezdəndən yarıyuxulu mindiyimiz bu müdhiş nəqliyyatın yol boyu bizi qabağına qoyub danlaması,  “Baku Bus” dan soyutdu. Tanrım, bu ölkədə niyə hamı-hamıya ağıl öyrədir, niyə hamı özünü qayınana kimi aparır?