Niyə kişilər qadınlardan qorxur?

niye-kisiler-qadinlardan-qorxur
Oxunma sayı: 2642

Azər Qismət

Kafedəki qaraşın və əliqabarlı gənc oğlan 300 qramı da gillədəndən sonra daha da açılışdı. Televizorda məişət zorakılığına dair statistika səslənəndə isə başını buladı. Gecə növbələrində işləyən qadınlara dair süjet sərgilənəndə isə boğuq səsi ilə kafedəki digər müştəriləri diksindirdi: “Kül o kişinin başına ki, qadını gecələr işləyir”. Yan masada əyləşən ona dedi ki, “qadınlarla bacarmaq çətinləşib”. Yenə də kişilərin ünvanına bir-iki ağız söyüşlər səsləndi və onlar “əfəl”, “qorxaq” və “peysər” adlandırıldı: “O arvadın başına bir yumruq vuraram oturar yerində, mık də eləməz”. Bax bu yerdə bayaqdan yazıqcasına sıxılan kişilərin qırışığı açıldı, sanki içlərində bir dəniz çalxalandı, qabardı, kükrədi, ləpələndi. Doğrudan da, qadın kimdir ki, ərinin sözündən çıxsın? Və bu qabarma 5 dəqiqə çəkdi. Hamı kirpi kimi başını içinə çəkdi. Çünki bütün bunların dərin köklərdə gizləndiyini yaxşı bilirdilər. Gənc oğlansa hələ heç nə bilmirdi. Hələ ucadan danışırdı. Hələ.

Prosesə əvvəldən başlayaq. Deməli, günlərin birində qadın işləmək istədiyini deyir. Ona belə bir təklif gəlib ki, gecə şadlıq evində toy qurtarandan sonra qabları yumağa iş var, məvacib yüksəkdir. Gənc ər evi dolandıra bilmədiyinə görə qadın bu təklifi dəyərləndirir və bunu ona deyir. Təbii ki, yemək-içməyini verəndən sonra deyir ki, çox hirslənməsin. Amma mədənin dolu olması ərin hirsinə az təfavüt edir. O, çox pis hirslənir. Üstünə qışqırır ki, “sənin gecə vaxtı çöldə nə işin var?” Qadın ayağını yerə dirəyərək həmin işdə çalışacağını deyir və ertəsi gün icazəsiz şadlıq evinə qabları yumağa gedir. Növbəti gün ər gecəyə qədər gözləyir və tez-tez zəng edir ki, “sən hardasannnnnn?” və bir-iki ağız söyüş, hədələyici ton, yumruqların divara vurulması, eyvana çıxıb tez-tez siqaret yandırma. İlk iş gününün haqqını alan qadın evə gələndə bilirdi ki, yaxşıca döyüləcək. Elə də olur. Qadın döyülür. Özü də çox pis döyülür. Buna dözə bilməyən qadın polisə zəng edir.

Polis onu 1 sutka içəridə saxlayır. Yaxud, hələ də kişilərə haqq qazandıran müstəntiq olsa, gənc ərin içəridə yatması ilə razılaşmır. Başlayır gənc əri qınamağa: “Ayıbdır, yekə kişisən, adam arvadını döyər? Hansı zəmanədə yaşayırsan, qoy o da işləsin, ikinizin də məvacibi çox olsun, evi dolandırın”. Bu yerdə gənc ər cəmiyyətdə gördüyü hadisələri və eşitdiyi söz-söhbətləri yadına salıb qışqırır: “Söhbət məvacibdən getmir. Birdən kimsə onun başını aldatdı və mənə xəyanət etdi?”. Bu yerdə müstəntiq lap dərinə gedir: “Ayıb deyil sənin üçün, adam da heç həyat yoldaşı barədə belə düşünər?”. Hətta son vaxtlar oxuduğu kitabdan bir hikmətli kəlmə də səsləndirir: “Yalnız özünə əmin olmayan kişi həyat yoldaşını, ya sevgilisini qısqanar”. Gənc ər coşur, deyir ki, “xeyri yoxdur, həyat yoldaşım özbaşına hara getsə yenə çırpılacaq”. Müstəntiq hirslə ayağa durur və qışqırır: “Deyəsən, səninlə xoş danışdım a. Bura bax və qulaqlarını aç, yaxşı-yaxşı dinlə! Eşitsəm ki, bir də həyat yoldaşını vurmusan cinayət işi qaldıracağam. Eşitdin ə?”.

Gənc ər nisbətən qorxur. Və evdə daha fiziki təzyiqə yol vermir. Amma içində qovrulur. Hərdən qışqırır, hərdən deyinir. Bu yerdə gənc ər cəmiyyətin də münasibətini görür. Məsələn, qızlarının döyülməsini eşidən valideynlər evə gələrək oğlana ağıl verirlər. Bəziləri ağıl verir, bəziləri hədə-qorxu ilə danışır. Qonşular da ona birtəhər baxırlar. Barmaqla göstərib deyirlər ki, “bu arvadını döyən oğlandır”. O, bütün bunları görür və özünə dayaq axtarır. Dayaq isə yoxdur. Hətta arvadını döyməsi iş yerinə də gedib çatır. Düzdür, bəzi müdirlər əməkdaşların şəxsi həyatına qarışmasalar da, bəziləri özlərini qabağa verib tərbiyələndirmə işlərini həyata keçirirlər:

-Ağıllı ol, adam hər işə görə yoldaşını döyməz.

-Axı, o məni eşitmir, özbaşına iş görür?!

-Ayıbdır e ayıb. Gör nəyə görə belə iş görürsən? Heç xəcalət çəkirsən?

Gənc ər birdən-birə ayılır ki, tək qalıb. Dərdini deməyə adam axtarır. Adam isə yoxdur. Axı, o ailə dəyərlərini belə görməyib? Onu görüb ki, atası nə deyərdisə anası qulaq asardı. Evdə kişinin hökmü qanun idi. Kişi qazanıb gətirər, həyat yoldaşı bişirib-düşürər, uşaqlarını böyüdərdi. Bəs, indi nə baş verdi? Bütün cəmiyyət indi onu qınayır, onu sıxır.

Və günlərin birində gənc ailə başçısı tərksilah olur. Həyat yoldaşının işə getməsinə neytral mövqe sərgiləyir. Arada yenə də deyinir və qışqırır. Bəziləri tərksilah olur, bəziləri isə dözə bilməyərək ayrılmaq qərarına gəlir. Məhkəmədə nəinki hakim, hətta toplaşanlar da onu danlayır.

-Ayıb olsun, sənin uşaqların var. Qadın işləyər də... Burda nə var ki.

-Axı, o gecələr işləyir?!

-Sən kişi olsaydın və evi dolandırsaydın, o işləməyə məcbur qalmazdı.

Gənc ər anlayır ki, bütün arqumentlər onun əleyhinədir. İstər cəmiyyətin məzəmməti, qınağı, istərsə də məvacibinin azlığı. Və bu yerdə ən sonuncu üsyan yanğısı ilə çıxış edir:

-Bəs, əvvəlki ailələr az məvaciblə necə dolanıblar?

-Ay çuşka (köhnə dəyərlərlə yaşadığına görə artıq onu belə çağırırlar) əvvəllər əvvəllərdə qaldı. İndi qadın istəyi, ailənin təlabatı o az məvaciblə üst-üstə düşmür. O da feysbuk-dakı kimi geyinmək, gündə bir restoranda görünmək, dağlar qoynunda şəlalənin qarşısında şəkil çəkdirmək istəyir. Ə, sən hardan gəlmisən? Göydən düşmüsən?

Və bu yerdə gülüşmələr eşidilir. Pərdə bağlanır. Oğlan anlayır ki, bütün cəmiyyət qarşısında təkdir. Deməli, hər şeyə dözməli və seyrçi mövqe nümayiş etdirməlidir. Qadın isə cəmiyyətin arxasında durduğunu görüb daha da sevinir. Bəziləri sevinir, bəziləri isə “sevinir”.

Bu da son.

Yeri gəlmişkən, Azərbaycanda bu ilin yanvar-iyun ayları ərzində 434 məişət zorakılığı baş verib. Məişət zorakılığı cinayətləri nəticəsində 521 nəfər zərər çəkib ki, onların da 81 faizini qadınlar təşkil edir.

P.S. İndi o kafedəki oğlanın “duxu” çatarmı yoldaşına nəyisə qadağan etsin?! Onda görəcək görəcəyini.

P.S.S. Bu yerdə sosial şəbəkənin “ağıl dəryaları”ndan növbəti sözlər gələcək: “Kişinin sözünün kəsəri barədə ağıllı məsləhətlər”.