Niyə məhz Zəngilan və Cəbrayıl?

niye-mehz-zengilan-ve-cebrayil-
Oxunma sayı: 657

Elxan Şahinoğlu həmsədrlərin Azərbaycan və Ermənistana səfərlərinin yekunlarıyla bağlı ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bir məqama diqqət yetirməyin vacib olduğunu vurğulayıb: “Bəyanatda həmsədrlərin bölgədə keçirdikləri görüşlərlə yanaşı vasitəçilərin xüsusi olaraq işğal altındakı Zəniglan və Cəbrayıl rayonlarını ziyarət etdikləri də göstərilib. Məncə, bu təsadüfi deyil. Həmsədrlər adətən səfələrində Bakı, İrəvan və Xankəndi ilə kifayətlənirlər, onların işğal altındakı torpaqlara səfərləri nadir hallarda olur. Hesab edirəm ki, həmsədrlərin səfər proqramına bu dəfə Zəngilan və Cəbrayılın salınmalarının arxasında onların bölgəyə gəlmədən öncə, “bizim yeni ideyamız” var ifadəsi dayanır”.

3-4 il öncə həmsədlərin ilkin olaraq Azərbaycanın işğal altındakı iki rayonunun azad olunması təklifinin müzakirə edildiyini bildirən Elxan Şahinoğlu o zaman söhbətin Ağdam və Füzulidən getdiyini deyib: “İşğal altındakı rayonların boşaldılmasıyla bağlı qrafik tərtib etməyə çalışırdılar. Bu qrafikə uyğun olaraq ermənilər birinci mərhələdə qeyd-şərtsiz iki rayonu azad etməliydilər. Bundan sonra isə Azərbaycan və Türkiyə Ermənistan ətrafında mühasirənin götürülməsi istiqamətində qarşılıqlı addımlar atmalıydılar. Ermənilər Ağdam və Füzulini qeyd-şərtsiz azad etsəydilər, Türkiyə İsveçrədə imzalanan protokolları da ratifikasiya etməyə hazır idi. Ancaq görünür, son anda ermənilər Ağdam və Füzulini azad etməkdən çəkindilər. Çünki, hər ikisi Dağlıq Qarabağa bitişik strateji rayonlardır və separatçılar bunu özləri üçün təhlükəli hesab etdilər. Zəngilan və Cəbrayıl isə Xankəndidən bir qədər uzaq məsafədədir, aralarında da başqa işğal olunmuş rayonlar – Qubadlı və Xocavənd yerləşir. Bu isə ermənilər üçün Ağdam və Füzuli qədər təhlükəli sayılmamalıdır. Buna görə də, böyük ehtimalla həmsədrlər Ağdam və Füzulini Zəngilan və Cəbrayılla əvəz etməyi lazım biliblər. Ancaq bu iki rayon boşaldılsa belə bizim Zəngilan və Cəbrayıla birbaşa çıxışımız olmayacaq. Bunun üçün Füzuli də işğaldan azad olunmalıdır ki, zolaq yaransın və qaçqınlar rahat Zəngilan və Cəbrayıla geri dönə bilsinlər. Demək, planda Zəngilan və Cəbrayılın ardından Füzulinin də azad edilməsi tarixi göstərilməlidir”.

Elxan Şahinoğlu istənilən halda ermənilərin hər hansı iki rayonun boşaldılması qarşlığında nəsə güzəşt qoparmağa, təhlükəsizlik və ya referendum tarixi kimi təminatlar almağa çalışacaqlarını dilə gətirib. Buna isə Azərbaycanın razılaşmayacağını deyən analitik təhlükəsizlik və ya tarixi bəlli olmayan referendum üçün Dağlıq Qarabağ ətrafındakı iki deyil, bütün rayonların boşaldılması vacibliyini xatırladıb: “Erməni separatçıları sadəcə, iki rayonu qeyd-şərtsiz boşaltsalar, bu sülhün bərqərarı üçün ilk addım olar. Ancaq ermənilərin qeyd-şərtsiz belə bir addım atacaqlarını zənn etmirəm. Həm də gələn il

Ermənistanda prezident seçkisidir. Serj Sərkisyan özü üçün belə bir risqli addım atmaz. Odur ki, həmsədrlərin bu dəfəki “ideyası” da qeyri-müəyyən müddətə qədər kağız üzərində qalacaq”.