Niyə vəzifələrə xaricilər gətirilir...

niye-vezifelere-xariciler-getirilir
Oxunma sayı: 840

Azər Qismət

Çoxlari deyir ki, niyə ölkədə bəzi idarə və müəssisələrə xaricilər rəhbərlik edir. Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətləri nəzərə almasaq, doğrusu, əvvəllər mən də buna pis olardım: “Məgər bizdə ağıllı adam yoxdur ki, vəzifələrə xaricilər gətirilir?”. Bizdə ağıllı adamlar həmişə olub. Amma müşahidələr göstərir ki, bizim ağıllı adamlar sonradan dəyişilir. Daha doğrusu, yerlilərimiz onların normal qaydada işləməsinə imkan vermirlər. Elə ona görə də 19-cu əsrin sonlarından etibarən bizdə vəzifələrə xaricilər gətirildi.

Bakı milyonçuları xarici ölkələrə çox gedib gələrmişlər. Onların arasında fərqli dünyagörüşünə malik əsasən iki milyonçu olub. Hacı Zeynalabdin Tağıyev və Murtuza Muxtarov. Tağıyev səxavətli idi. Vətən üçün xeyirxah işlər görməyə doğru addımlar atırdısa, Murtuza Muxatarov unikal layihələri ilə fərqlənirdi. Onlar Avropanın bir sıra ölkələrinə səfərlər edərkən arzulayıblar ki, doğulduqları ölkədə də belə gözəllik olsun. Binaların düzüm qaydasından tutmuş, bağ və xiyabanların necə orijinal olmasına qədər hər şeyi görər, valeh olardılar. Bakıda da belə səliqəli binalar ansamblının yaradılmasını arzulayarmışlar.

Nəhayət, Aleksandr Nevski kilsəsinin tikintisinə iş icraçısı kimi gələn Polşa əsilli Qoslavskini Bakının baş memarı seçiblər. Ona qədər isə memarlar müxtəlif vaxtlarda bizlərdən olub. Bizim millətdən olan baş memarların vaxtında indiki İstiqlaliyyət küçəsində göy-göyərti satılıb, kiçik piştaxtalar, süləyən itlər, daxmalar tikilib. Xarici memar Qoslavski gələndən sonra keçmiş Nikolayevski, indiki İstiqlaliyyət küçəsi gecəqondulardan təmizlənib. Az müddət sonra ecazkar plastikalı binaların ansamblı yaranıb. Bizim yerli alverçilər Qoslavskiyə yaxınlaşaraq balaca mağazalar tikməyə çalışıblar, hətta rüşvət verənlər də olub. Polşalı memar buna razılaşmayıb. İndi təsəvvür edin ki, əgər memar bizimki olsaydı, orada ya Karvansaray tikiləcəkdi, ya da gecəqondular və mağazalar salınacaqdı. Küçə itləri hər yanı basacaqdı, kəsilən inək-qoyunun qanı küçə boyu axacaqdı. Baş memar xarici olmasaydı nə Bakı şəhər dumasının binasını (indiki Bakı şəhər İcra Hakimiyyəti), nə qızlar məktəbini, nə də İsmailiyyə binasını görə biləcəkdik. 

Yaxud, götürək Şirvan qoruğunu. Neçə illər bundan əvvəl həmin qoruqda ceyranları tək-tük halda görərdik. Çünki qoruğun yerli müdirləri ceyranları yeyir, ya da paytaxta işləri keçən adamlara pay gətirərdilər. Pulu olan adamlara da icazə verilmişdi ki, burada ov ovlayıb quş quşlasınlar. Sonra oranın müdiri xarici vətəndaşla əvəz ediləndən sonra bir adamın cürəti çatmadı ki, getsin orada ceyran dadına baxsın, “Qırmızı kitab”a düşən quşları göydə vursun. Bir xaricinin hesabına fauna qorundu.

Digər misal Bakıdakı özəl orta məktəblərdəndir. Elə məktəblər var ki, valideyn bir ildə büdcəsinə 8-10 min dollar pul köçürür. Ancaq onun direktoru bizim yerli olanda 8 Martda müəllimlər üçün pul da toplanır, hələ ad günündə görüm-baxım da edilir. Əlbəttə, hamısına aid deyil. Bir ildə 8-10 min pul ödəyəsən, valideyndən yenə də nəsə qoparılsın, hələ şagirdin nizam-intizam məsələsi şübhəli qalsın. Ancaq direktoru xarici olan məktəblərdə təhsil alan şagirdlərin valideynləri tam arxayındır. Təhsil yüksək səviyyədə tədris edilir, şagirdlərin hər addımına diqqət göstərilir, müasir texnoloji bilik və yeniliklər aşılanır, nəhayət müasir dünyanın insanına çevrilir.

Bizdə ağıllı kadrlar çoxdur. Ancaq elə öz yerlilərimiz, elə öz qohum-əqrabası ona işləməyə imkan vermir, arvadı da evdə zəhləsini tökür. Yeriş qaydasından tutmuş, özünü şəstlə aparmasına dair məsləhət verənləri də çox olur. “Filankəsə üz vermə qudurar”, “Çox səmimi olma, yoxsa yeyərlər”, “Çalış özünə gün ağla ki, işdən çıxarılanda xımır-xımır yeyəsən”. Adamlarımız da yerli adama birtəhər baxırlar. Xarici rəhbərin bütün tapşırığını can-başla yerinə yetirirlər. Çünki bilirlər ki, işdə nöqsana yol versə, heç nəyə baxmayıb qovacaq. Yerli rəhbəri isə yola gətirmək asandır. Bizimkidir də. İşə günorta gəl, üzərinə düşəni yerinə yetirmə, işin “razqar” vaxtında dostlarla çayxanaya get, nə istəyirsən et, sonra kimisə üstünə göndərib yola gətir. Hələ arada qışqır ki, “sən müsəlmansan, ya yox? Heç səndə müsəlman qanı yoxdur?”. Məhz bu səbəbdən yerli rəhbər işləyən müəssisədə problem olur, xaricinkində olmur. Ona görə də inciməyə dəyməz.