“Nizami Gəncəvi: sələflər və xələflər” parkının açılışı oldu - Video+foto

nizami-gencevi-selefler-ve-xelefler-parkinin-acilisi-oldu
Oxunma sayı: 3549

Gəncənin Hacıkənd qəsəbəsində yeni “Nizami Gəncəvi: sələflər və xələflər” parkının açılışı olub.

"Qafqazinfo" xəbər verir ki, “Sələflər və xələflər” parkında Nizami Gəncəvi başda olmaqla Gəncə mühitinin yetişdirdiyi şair, yazıçı və öz dövründə hünər sahibi olmuş, əlinin əməyi, biləyinin gücü ilə fərqlənmiş şəxslərin heykəlləri ucaldılıb. Burada ümumilikdə 17 abidə var ki, onların arasında Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Əbül-Üla Gəncəvi, Qivami Gəncəvi, Usta Bəndər, Şeyx Zaman, Doktəri Xətibi Gəncəvi, Əfrasiyab və Ömər Gənci kimi tarixi şəxsiyyətlərin adları diqqət çəkir. Abidələrin müəllifi heykəltəraş Asəf Həsənovdur.
“Nizami Gəncəvi: sələflər və xələflər” parkının açılış mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, bu parkın salınması Azərbaycanın, xüsusilə də Gəncənin mədəniyyəti, tarixi və ədəbiyyatının tanıdılması baxımından böyük önəm kəsb edir:

“”Sələflər və xələflər parkı” daha da genişləndiriləcək. Ərazidə yeni muzey inşa olunacaq ki, burada da sələflər və xələflərin hər biri haqqında geniş məlumat öz əksini tapacaq. Həmçinin, muzeydə qeyd olunan dövrü özündə əks etdirən eksponatlar sərgilənəcək. Təbii ki, bütün bunlar Azərbaycanın qədim və zəngin tarixindən, elm və mədəniyyətindən xəbər verir”.

Filologiya üzrə elmlər doktoru, GDU-nun professoru, Nizami Gəncəvi adəbi irsinin davamçısı Xəlil Yusifli burada heykəli ucaldılan şəxslər haqqında söhbət açaraq, onların həyat və fəaliyyətləri barədə maraqlı faktlar səsləndirib. O, e.ə II minillikdə yaşamış sərkərdə Əfrasiyab, orta əsrlərdə yaşamış görkəmli Azərbaycan şairi Əbu Həfs Ömər Gənci haqqında danışıb. 

“Sələflər və xələflər” parkında vaxtı ilə Gəncədə yaşamış qadın şairlərin yaradıcılığına da xüsusi yer ayrılıb. Burada Məhsəti Gəncəvi ilə yanaşı, öz dövrünün sayılıb seçilən digər qadın sənətkarların da heykəlləri var ki, onlardan biri də Doktəri Xətibi Gəncəvidir.

Qısa zamanda parkda heykəli ucaldılan şəxsiyyətlər barədə ayrıca monoqrafiyaların çap olunması da nəzərdə tutulur. Bu, onların həyat və fəaliyyətinin dərindən öyrənilməsi, tanıdılması və gələcək nəsillərə çatdırılmasına xidmət edəcək.

Tədbirin sonunda “Sələflər və xələflər” parkının inşasında göstərdikləri xidmətlərə görə bir qrup şəxsə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Fəxri fərmanı və qiymətli xatirə hədiyyələri təqdim olunub.