“Nizami Hacıyev 99 faiz “Neftçi”yə keçir” - Zaur Svanadze

nizami-haciyev-99-faiz-neftciye-kecir
Oxunma sayı: 678

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Qəbələ” – “İnter” (4:3) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Zaur Svanadze jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

“Düzü, bizə ilk hissədə çətin idi. Məğlubiyyətə hazır idik. Komandamızda itkilər çoxdur və zədələr imkan vermir. Uşaqlar yorğun idi. Nəticədən məmnunuq. Bürünc medal qazanmaq yaxşı göstəricidir. Növbəti oyuna hazırlaşacağıq. Sonrası nə olacaq, ona da baxarıq.

- Bu oyunu mövsümün oyunu adlandırmaq olar? Meydanda açıq futbol gedirdi...

- Hesab etmək olar. Komandam çox rahat oynadı. Açıq oyun getdi. 4 qol buraxmaq istəməzdik. Buraxılan qolları demək olar ki, hədiyyə etdik. “Qəbələ”nin daha yaxşı epizodları da var idi. Daha yaxşı qollar vura bilərdi. Biz də vura bilərdik. Düşünürəm ki, bunlar hamısı yorğunluqla bağlıdı.

- Futbolçularınızın çoxunun komandanı tərk edəcəyi deyilir? Bu barədə fikriniz nədi?

- Futbolçularımı istəyirlər. Nizami 99 faiz “Neftçi”dədi. Səlahət deyilənə görə, artıq müqavilə bağlayıb. Bəzi futbolçular dəqiq gedəcək. Unutmamışdan qabaq təşəkkür etmək istəyirəm. Bu işi Nikolov başladı. Ondan sonra gələn bütün rəhbərlik komanda üçün çalışıb. Hamı əziyyət çəkib. Ümid edirəm bundan da yaxşı olacaq.

- Bəs sizin özünüzə təklif varmı?

- Xeyr, yeni təklif yoxdur.