Nizami Rayonunda 2017-ci ilin hesabat yığıncağı keçirilib

nizami-rayonunda-2017-ci-ilin-hesabat-yigincagi-kecirilib
Oxunma sayı: 1597

Nizami rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, yığıncaqda Milli Məclisin deputatları – Sədaqət Vəliyeva, Flora Qasımova, Rasim Musabəyov, İqbal Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Bayramov, rayonun idarə və müəssisə, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının rəhbərləri iştirak ediblər.

Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, 2017-ci ildə rayonda görülmüş işlər barədə məruzə ilə çıxış edib. 

A.Qasımov 2017-ci ildə rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 463,8 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz çox sənaye məhsulu istehsal edildiyini, iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 109,4 milyon manat həcmində, ötən ilin müvafiq dövrünə nisbətən 6,0 faiz çox investisiya yönəldildiyini, pərakəndə ticarət dövriyyəsinin həcminin 2258,2 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcminin isə 221,0 milyon manat təşkil etdiyini, rabitə sahəsində 370,7 milyon manat dəyərində, ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz çox, nəqliyyat sahəsində isə 126,0 milyon manat dəyərində xidmətlər göstərildiyini vurğulayıb.

Başçı ötən il rayonda 4166 yeni iş yeri açıldığını, ünvanlı sosial yardım alan ailələrin sayının 525 nəfər təşkil etdiyini, özünəməşğulluq proqramına əsasən işaxrtaran və işsiz vətəndaşlardan fərdi biznes fəaliyyətinə 23 nəfər cəlb olunduğunu və hal-hazırda fəaliyyətdə olduqlarını bildirib.

2017-ci ildə ümumilikdə rayon üzrə 18 yaşdan yuxarı 90017 nəfərin tibbi müayinədən keçirildiyini, onlardan 3624 nəfərin ambulator, 273 nəfərin stasionar müalicəyə göndərildiyini, 4 nəfərin üzərində isə cərrahiyyə əməliyyatı aparıldığını bildirib.

Sonra Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin İstismar şöbəsinin rəisi İmran Məmmədov, Rayon Sukanal İdarəsinin rəisi İntiqam Kərimov 2017-ci ildə görülən işlərlə bağlı ətraflı məlumat veriblər.

Məruzələr ətrafında Milli Məclisin deputatları – Sədaqət Vəliyeva,  Flora Qasımova, Rasim Musabəyov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Bayramov çıxış ediblər.

Sonra yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

İclasa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vurğulayıb ki, Nizami rayonunda ötən illərdə olduğu kimi bu il də Prezident seçkiləri yüksək səviyyədə keçiriləcək.