Nizami rayonunda “Diqlas”dakı yanğınla bağlı iclas keçirilib - Foto

nizami-rayonunda-diqlasdaki-yanginla-bagli-iclas-kecirilib
Oxunma sayı: 899

Bu gün Nizami Rayon İcra Hakimiyyətində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində yaranmış vəziyyətin aradan qaldırılması məqsədilə iclas keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, güc strukturlarının, xidmət sahələrinin və “Diqlas” ticarət mərkəzinin nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar komissiyasının sədri Qərib Məmmədov 26 mart 2019-cu il tarixində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində yaranmış vəziyyətin aradan qaldırılması barədə çıxışında məlum hadisənin ölkə başçısı tərəfindən nəzarətə götürüldüyünü, onun səbəblərinin araşdırılmasının və ilk növbədə zərərçəkmiş sahibkarlara yardım göstərilməsi, eləcə də dəymiş ziyanın dəqiq müəyyənləşdirilməsi barədə konkret tapşırıqlar verildiyini, hadisə nəticəsində zərərçəkmiş sahibkarlara ilkin maddi yardım göstərilməsi üçün cənab Prezidentin müvafiq Sərəncamı ilə maliyyə vəsaitinin ayrıldığını, eyni zamanda ölkə başçısının digər müvafiq Sərəncamına əsasən Nazirlər Kabineti tərəfindən Komissiya yaradıldığını və Komissiyanın hər bir üzvü tərəfindən öz səlahiyyətləri daxilində müvafiq işlərin görüldüyünü bildirib.

Q.Məmmədov Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Yekun Aktına əsasən yanğın nəticəsində “Diqlas” ticarət mərkəzinin binasının yükdaşıyan konstruksiyalarının gücləndirilməsinin həm iqtisadi, həm də texniki tərəfdən səmərəli hesab edilmədiyindən onun demontaj olunmasının məqsədəuyğun olduğunu və bu Yekun Akta əsasən Rayon İcra Hakimiyyəti başçısının 18 aprel 2019-cu il tarixli sərəncamı ilə Komissiya yaradıldığını və mövcud vəziyyətlə əlaqədar Komissiya üzvləri tərəfindən aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görüləcəyini qeyd edib.

İclasda Rayon Fövqəladə Hallar və Mülki müdafiə şöbəsinin rəisi Cavid Quliyev və Rayon Polis İdarəsinin rəis müavini Müşviq Aslanov ticarət mərkəzinin demontajı zamanı texniki təhlükəsizliyinin qorunması məqsədilə müəyyən təkliflərlə çıxış ediblər.

İclasa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ticarət mərkəzinin sahiblərinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsindən irəli gələn tələblərə əməl etmək şərtilə yanğının nəticələrinin aradan qaldırılmasının və aidiyyəti Komissiya üzvlərindən ticarət mərkəzinin demontajı zamanı ətraf ərazilərin, mühəndis-kommunikasiya xətlərinin və sanitar normalarının qorunmasının təmin edilməsini tapşırıb.