Nizami rayonunda doqquz ayın yekunları müzakirə olunub

nizami-rayonunda-doqquz-ayin-yekunlari-muzakire-olunub
Oxunma sayı: 1336

Nizami Rayon İcra Hakimiyyətində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak ediblər.

Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin sentyabr ayının 5-də rayonumuzda olduğunu, 10 və 201 nömrəli tam orta məktəblərdə, 62 nömrəli məktəb-liseydə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olduğunu bildirib. Cari ilin iyul ayında “Emerald” hotelində məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı rayon ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirildiyini, avqust ayında rayonda yeni özəl uşaq bağçasının açıldığını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li Qərarı ilə rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikintisi üçün pilot layihənin uğurla davam etdiyini nəzərə çatdırıb.

Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 331,7 milyon manat dəyərində sənaye məhsulu istehsal edildiyini, bunun da ötən ilin müvafiq dövrünə nisbətən 6,7 faiz çox olduğunu, istehsal olunmuş məhsulun 99.6 faizinin istehlakçılara göndərildiyini, ixrac olunmuş malların dəyərinin 11.5 milyon manat təşkil etdiyini, xaricə siqaret məmulatları, paslanmayan poladdan məhsullar, şokolad konfetlər ixrac olunduğunu bildirib. Cari ilin doqquz ayında öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcminin 108,1 milyon manat olduğunu, rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 66,5 milyon manat həcmində investisiya yönəldildiyini, bunun da ötən ilin müvafiq dövründən 3.3 faiz çox olduğunu, pərakəndə ticarət dövriyyəsinin həcminin 1545,3 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcminin isə 178,3 milyon manat təşkil etdiyini, iaşə müəssisələrində 55.3 milyon manatlıq, yəni keçən ilin müvafiq dövrünə nisbətən 13.5 dəfə çox xidmət göstərildiyini diqqətə çatdırıb.

İ.Mehdiyev hesabat dövründə rabitə sahəsində 274,8 milyon manat, nəqliyyat sahəsində isə 96,2 milyon manat dəyərində xidmətlər göstərildiyini, rayonda 3233 yeni iş yeri açıldığını, orta aylıq əmək haqqının 667,1 manat təşkil edərək, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz artdığını söyləyib.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxışında rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə danışıb.

Çıxışlardan sonra cənab A.Qasımov rayonda həllini gözləyən bir sıra məsələlərdən danışaraq, müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib.

Sonda A.Qasımov Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülən “Zəngi” liseyinin ingilis dili müəllimi Əliyeva Bənövşə Mustafa qızı və “Tərəqqi” medalı ilə təltif edilmiş 229 №-li orta məktəbin riyaziyyat müəllimi Nəsirova Yeganə Gülağa qızını, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədr müavini, Almaniyanın Bohum şəhərində Kik-boks üzrə keçirilmiş beynəlxalq turnirin qalibi Əhmədov Xəyal Sərdar oğlunu təbrik edərək hədiyyələr təqdim edib. Eyni zamanda, Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Süleymanova Günel Zahid qızı və Rayon Layihə-smeta bürosunun memarı Xanlarov Kamran Ərəstun oğluna Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələrini təqdim edib.