Nizamidə çağırışçıların əsgərliyə yolasalınma mərasimi keçirilib - Fotolar

nizamide-cagiriscilarin-esgerliye-yolasalinma-merasimi-kecirilib
Oxunma sayı: 1405

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 6 mart 2018-ci il tarixli, 3756 nömrəli Sərəncamının icrası olaraq aprelin 19-da Nizami rayonunda çağırışçıların həqiqi hərbi xidmətə yolasalınma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin əməkdaşları, ictimai təşkilatlar, övladlarını ordu sıralarına yola salmağa gələn valideynlər iştirak ediblər.

İlk öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin rəisi, polkovnik Eldar Tağıyev çıxış edərək vətəni qorumağın hər bir gəncin müqəddəs borcu olduğunu vurğulayaraq, çağırışçılara xidmətdə uğurlar arzulayıb.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva, əsgər atası Qərib Əsgərov hərbi xidmətə yola  düşən gənclərə xoş arzularını bildirərək, çağırışçılara hərbin sirlərinə dərindən yiyələnməyi və Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirməyi, lazım gələrsə torpaqlarımızın müdafiəsi uğrunda canlarından belə keçməyə hazır olmağı tövsiyə ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov son illər Ali Baş Komandan İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışaraq, ölkənin hərbi potensialının artdığını, silahlı qüvvələrin öz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer aldığını qeyd edib. 

Sonda çağırışçı-gənclərə hədiyyələr təqdim olunub və onlar Azərbaycan bayrağı öpərək musiqi sədaları altında hərbi hissələrə yola salınıblar.