Nkodo Danq Heydər Əliyev Mərkəzində - Fotolar

nkodo-danq-heyder-eliyev-merkezinde
Oxunma sayı: 1442

Azərbaycanda səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danqın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 23-də Heydər Əliyev Mərkəzində olub.

“Qafqazinfo”nun məlumatına görə, Pan-Afrika Parlamentinin prezidentinə müasir Bakının rəmzinə çevrilmiş Mərkəzin fəaliyyəti haqqında məlumat verilib.

Qonaqlar Mərkəzdə “Azərbaycan inciləri” sərgisi ilə də tanış olublar.

Məlumat verilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Qədim sənət növlərinin, xüsusilə də Azərbaycan xalçaçılıq məktəblərinin ən nadir nümunələrinin əks olunduğu sərgidə misgərlik məmulatının təqdimatı da xüsusi maraq doğurur. Qədim musiqi alətlərimiz orijinal qaydada - səsli formada təqdim edilir. Milli geyimlərimizin, qədim sikkələrin təqdim olunduğu sərgidə tolerantlıq ünvanı olan Azərbaycanda müxtəlif dinlərə aid müqəddəs kitablar da ziyarətçilərin diqqətinə çatdırılır.

Nümayəndə heyəti Mərkəzdə “Klassik avtomobil sərgisi” ilə tanış olub. Diqqətə çatdırılıb ki, sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.

Pan-Afrika Parlamentinin prezidenti Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.