Nömrələrinzi köçürə biləcəksiniz

nomrelerinzi-kocure-bileceksiniz
Oxunma sayı: 645

Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov jurnalistlərə bildirib. Onun sözlərinə görə, ilin sonunadək bu proseslə bağlı bütün sənədlər hazırlanacaq və razılaşdırılacaq.

Nömrələrin köçürülməsi xidmətinin (MNP - Mobile Number Portability) tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə öz telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu, onları öz yaxınlarını və işgüzar tərəfdaşlarını nömrənin dəyişilməsi barədə məlumatlandırmaqdan azad edəcək.

Hazırda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi MNP xidmətinin tətbiqi üçün tənzimləyici sənədlər hazırlayıb. Xidmətin tətbiqi çərçivəsində aspektlərin böyük hissəsi mobil rabitə operatorları ilə razılaşdırılıb.

Operatorların şəbəkələrində bu xidmətin tətbiqi üçün onları bir-biri ilə birləşdirəcək müvafiq avadanlıqların quraşdırılması vacibdir. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur.

Nömrələrinin köçürülməsi xidmətinin tətbiqi rəqabəti artırır və operatorları öz əvvəlki abonentlərini saxlamaq üçün əlavə cəhdlər etməyə və yeni müştərilərin cəlb olunması üçün daha cəlbedici xidmətlər göstərməyə vadar edir.