“Normal yaşasam, dəliyəm, boşanım?! - 90 yaşlı eynəksiz nənə

normal-yasasam-deliyem-bosanim
Oxunma sayı: 8396

Budəfəki qəhrəmanım şəxsiyyət vəsiqəsində böyük bir rayonun adını daşıyır. 90 yaşında eynəksiz gəzən, şeirlər yazan, qalın corab toxuyan Tovuz nənənin gümrah qalmasının səbəbi həyat yoldaşının və övladlarının sədaqəti  olub. Valideynləri ona Almaz adını qoysa da, sonradan atasının bibisinin istəyi ilə adı dəyişdirilib. Gəncədə İmamzadə məscidində tovuz quşlarının gözəlliyindən ilhamlanan bibisi onu Tovuz deyə çağırmaq istəyib. Elə illər sonra da bəxtinə Tovuzun Aşağı Əyyublu kəndinə gəlin köçmək düşüb. İmkanlı, böyük bir ailədə böyüyən Tovuz Məmmədova kasıb ailəyə gəlin köçsə də heç zaman şikayətlənməyib. Öz dili ilə desək, haqqındakı məlumatlardan qalın bir kitab yaranar. 

“Qızım, çox yaş adama çox dərd verir. Nənən ölsün, ay İlqar. Məni əyən ilk göz ağrım nəvəmin, İlqarın ölümü oldu. Bacı-qardaşlarım da az yaşadı”, - deyir Tovuz nənə.

Bu arada qeyd edək ki, T. Məmmədova N saylı hərbi hissəsinin mühəndis - istehkam bölüyünün komandiri, Qarabağ şəhidi İlqar Verdiyevin nənəsidir...

“Qafqazinfo” T. Məmmədova ilə onun böyük qızı, şəhid İ. Verdiyevin anası Rəna Verdiyevanın evində söhbətləşib.

- Özünüz haqqında məlumat verə bilərsinizmi?

- 1929- cu ildə keçmiş Səfərəliyev rayonunun Sərkar kəndində anadan olmuşam. Kəndimiz Gəncə şəhərinin 3 kilometrliyində yerləşirdi. 1948- ci ildə orta məktəbi bitirmişəm. Sinifdə 17 oğlan, bircə mən qız olmuşam. Hüquqşünas olmaq istəyirdim. Anam oxumağıma razı deyildi. Çünki savadsız qadın idi. Amma o qadının ağlını, oturuşunu, duruşunu elə-obaya münasibətini alimlərinkinə dəyişməzdim.

- Ailənizin razılığı olmadan ali təhsil almağa necə nail oldunuz?

- 1948-ci il, avqustun 26-sı idi. Dərslərin açılmasına az qalmışdı. Mənə heç nə deyən yoxdur, amma içimdə partlayıram. O vaxt da valideynlə övlad arasında pərdə var idi. Onların bir sözünü iki eləməzdilər. Rayon Xalq Maarif Şöbəsinin müdiri də tez-tez mənimlə bağlı valideynlərimlə əlaqə saxlayırdı. Atam 26-sı  Bakıdan gəldi. Məndən soruşdu ki, bəs sən sənədlərini verməyə getməyibsən? Dedim yox. Dedi ki, apar, işini ver. Sənədlərimi götürüb piyada 3 km yürüyərək Həsən Bəy Zərdabi adına instituta getdim. Dedilər ki, ədəbiyyatdan yazılı imtahan olacaq. Səhəri gün də şifahi imtahan olacaqdı. Səhər gedib gördüm ki, divarda adımın qabağına yaxşı yazılıb. Avqustun 27-də şifahi imtahan verib 4 aldım. Bir gün imtahan olmadı. 29-da dedilər ki, tarixdən imtahan var. Tarixdən də 4 aldım. Ayın 30-da coğrafiyadan imtahan verib 4 aldım. Beləliklə, ədəbiyyat ixtisasına daxil oldum. Təqaüdə düşdüm. Yaxşı qrup yoldaşlarım oldu. Bir-birimizlə tanış olduq. 1952- ci ildə institutu bitirdim. 

- Tələbə yoldaşlarınızla əlaqəniz varmı?

- O vaxt texnika əsri deyildi. Orta məktəb yoldaşlarımın adı və soyadı indiyə kimi yadımdadır, o cümlədən, institut yoldaşlarımın da. O vaxt nə var idi ki? Məktub filan yazardıq. Nə biləsən ki, qurtarandan sonra hansı harada  işlədi? Bizim kurs yoldaşlarımızın hamısı müəllim oldu. Bitirib rayonlara dağıldılar. Ancaq məndən bir kurs aşağı şair Nəriman Həsənzadə oxuyurdu. Konfranslarda birgə iştirak edirdik. Eyni zamanda, Gəncədə Yazıçılar Birliyi var idi. Cavanlar həftəsonu yığışıb ədəbiyyatı müzakirə edirdik. Rəhbərimiz isə Ələkbər Ziyatay adında gözəl bir müəllim idi. Azərbaycan ədəbiyyatı tarixindən bizə dərs deyirdi. Füzuli haqqında o qədər məlumat vermişdi ki, mən bundan ilhamlanıb qəzəllər yazmışdım. Dekanımız Tağıyev Kərimin zəngin kitabxanası var idi. Sonradan eşitdim ki, onu dövlətə bağışlayıb. İnstitutu bitirib ailə qurdum. Tovuzun Aşağı Əyyublu kəndinə gəlin köçdüm.

- Həyat yoldaşınızla necə tanış oldunuz?  

- Mən ağlım kəsəndən meylimi həmişə oxumağa vermişəm. Hətta mənim elə telli-toqqalı qız vaxtlarım olub ki, heç kəs mənə yaxın düşə bilmirdi. Fikirləşirdilər ki, yaxın düşsələr kimisə təhqir edərəm, ya bəyənmərəm. 1952- ci ilin yanvarın 4-də ailə qurmuşam. Həmin il həm ali təhsili, həm qızım Rənanı, həm də gözəl həyat yoldaşı qazandım. 

Həyat yoldaşım məni qaçırdı. Mən bu adamla heç tanış olmamışdım. Bu, özünə qız axtarırmış. Öz kəndlərindən bizim institutda oxuyan qız var idi. Məni ona məsləhət bilib. Sonra bizə gəldilər-getdilər. Əl çəkmədilər. Birinci dəfə mən ona dedim ki, ailəm verərsə evlənə bilərəm. O da çox kasıb ailənin uşağı idi. Toy etməyə də gücləri çatmırdı. Teatr adıyla məni aldadıb qaçırtdı. İndi taleyimdən narazı deyiləm. Ona görə ki, atalı-analı, qardaşlı-bacılı böyümüşəm. Heç birinin həsrətini çəkməmişəm. 

- Çoxuşaqlı ailədə böyümüsünüz?

- Ailəmizdə 9 uşaq olmuşuq. Onların 7-si ali təhsillidir. O zaman SSRİ-yə Stalin rəhbərlik edirdi, Azərbaycana isə Mircəfər Bağırov. Kiminsə adamı olmaq, rüşvət söhbəti yox idi. Öz ağlımızla institutu oxuyub bitirdik. Ailənin böyüyü mənəm. 3 qardaşım politexniki bitirib. Bacımın biri tibb texnikumunu bitirib. Bir qardaşım müxtəlif vəzifələrdə işləyib. Amma hamısının ömrü gödək oldu (kövrəlir). Bacımın biri yaşayır. O, instituta imtahanı televizorda canlı yayımda verdi. Mənə xəbər gəldi ki, bacını televizorla göstərirlər. Sözümün canı odur ki, ailəmiz savadlı ailə oldu. Kənddə bizim ailə barmaqla göstərilirdi. 

Özümün də 8 övladım dünyaya gəlib. 4 qızım, 4 oğlum var. Mən həmişə Allaha şükür oxumuşam ki, atalı-analı, bacılı-qardaşlı böyümüşəm. Cənabi Əli oğluna nəsihətində yazır ki, Allahın ipindən bərk yapış. Mən də uşaq vaxtından belə olmuşam. Baxmayaraq ki, ərköyün böyümüşəm. Sanki anam ilk övladı olaraq mənlə qardaşımı itirəcəyindənmi, çox istədiyindənmi qorxurdu. Həmişə bizi qoruyurdu. 17 il Bakıda uşaq oxutmuşam. İki oğlum, iki qızım Bakı şəhərində təhsil alıb. 

Bu məqamda anası yadına düşən Tovuz nənə ölümündən sonra ona yazdığı şeiri oxuyur (Anası 1982- ci ildə vəfat edib)

İlk övlad eşqiylə böyütdün məni
Min bir əziyyətlə, möhlətlə ana
İnan ki, həmişə anıram səni
Saf bir məhəbbtələ, sevinclə ana

Məndən uzaqdasan, bunu bilirəm
Ağlayaraq göz yaşımı silirəm
Gün uzunu xəyalımda görürəm
Anıram qəlbimdə hörmətlə ana

Bəlkə ölümümə azdan- az qalıb
Dərdin əqlimi əlimdən alıb
Yoxluğun balanı xəyala salıb
Girirsən yuxuma həsrətlə ana.

- O zaman ailələr çoxuşaqlı idi. Elə sizin ailəniz kimi. Uşaqlara necə baxıb böyüdürdülər? İndi gənc ailələr adətən bir, ya uzaqbaşı iki uşaq arzulayırlar...

- O vaxt mənim müəllim yoldaşlarımdan ən az uşağı olanın 6 övladı var idi. İndi niyə uşaq artmır? Bizim küçəmizdə mən üçuşaqlı ailə tapmıram. Bu da Azərbaycanın gələcəyinə çox böyük təsir edir. Gələcək nəsillər vətəni qorumalıdır. Bunun üçün gərək nəslin davamı gələ. Əsgərlikdən gələn uşaqlar kənddə dayanmır. Çünki heç harada iş yoxdur. Çoxu evlənə bilmir. Hamısı Bakıya qaçır, ya xaricə gedir. Şəxsən öz nəvələrim əsgərlikdən gələndən Bakıda işləyir. Gözəl evimiz, həyətimiz var. Öz də bizim kəndimiz şəhərsayağı kənddir. Qonaq-qaranı sevən, çörəkli kənddir. Bakı-Tiflis magistral yolu kəndi yarıya bölür. 4 qızımı da el adətiylə köçürmüşəm, 4 oğluma da toy edib gəlin gətirmişəm. Həyətdə 3 gəlinim olub. Bir dəfə də olsun nə gəlinlərimlə, nə qonşularımla sözüm olub. Kənddə ailəm nümunəvi ailədir. Mənim yerlilərim də indi bu dediklərimə baxanda təsdiq edəcəklər. 

- Ancaq  hazırda müşahidə olunur ki, ailələr daha çox dağılır, boşanmaların sayı artıb...

- Mən görürəm və dərk edirəm ki, əvvəl iqtisadiyyat, sonra siyasət olmalıdır. İndiki gənclər dolanmaqda çətinlik çəkirlər. Çünki elə bir iş yoxdur ki, gedib ailələrini dolandırsınlar. Oğlanlar evlənə bilmir, qızlar evdə qalır. Evlənirlər, uşaq olur, problemlər artır. Günün tələblərinə cavab vermək dərəcəsində yaşaya bilmirlər. Ər işləməyəndə evdə narazılıq yaranır. Atalar deyib ki, tövbə toxluqdan, üz-göz yoxluqdandır. Mənim normal yaşayışım olsa, niyə boşanıram. Dəliyəm, boşanım?! 

- Müasir dövrün texnologiyalarının da ailənin dağılmasında rol oynadığını vurğulayırlar.

- Bilirsənmi qızım, indiki qızlar telefonla oğlan tapıb evlənirlər. Adamın nə əslini, nə də nəslini yoxlayırlar. Bizim vaxtımızda köhnə arvadlar başına çarşab salardı, gedib tanıyardılar. İndi isə telefonla ərə gedirlər. Özü də tanımaza- bilməzə. Belə şey olarmı? O qədər ağsaqqal sözü dinləmişəm ki. Elə bu gün də o sözlərə ehtiyacım var. Bizdə böyüyə-kiçiyə o qədər hörmət var idi ki. Onlar olan yerdə biz danışmazdıq.

- Axı siz də tanımadan ailə qurmusunuz.

- Düzdür, qaçırtdı məni. Amma o qədər kasıb adam idi ki... Bir qoca anası, bir qoca atası var idi. Mən özüm ikimərtəbəli evdə anadan olmuşam. Döşəməli evdə, xana gəbələrin üstündə böyümüşəm. Anam çox təmizkar qadın olub. Amma mən getdim. O kasıb, torpaq, tavanı hisə bürünmüş ev məndən ötrü o qədər gözəl, şirin oldu ki... Ağlıma da gətirmədim ki, niyə belə evə gəlin gəldim. Amma onların hamısının əvəzi çıxıldı. Çünki yoldaşım həddindən artıq gözəl insan idi. İstədiyim odur ki, dostlarımın, nəvələrimin qabağına o xasiyyətdə adam çıxsın. 

- Xasiyyəti necə idi?

- Ailəsinə çox doğma idi. Məni çox yüksəkdə tuturdu. Evə qonaq gələndə mənə müəllimə deyə müraciət  edirdi. Qızlarını çağıranda deyirdi ki, “Rəna, zəhmət olmasa, filan şeyi gətir”. Çox incə adam idi. O, təkcə ailəyə qarşı elə deyildi. Qonşuya-qohuma, uşağa - hamıya elə idi. Fəhləylə fəhlə kimi, alimlə alim kimi danışırdı. Zülm odur ki, nadan aqilə ağıl verir. Keçmişinə nəzər salmır, unudur.  Bu gün müəyyən yollarla nəyəsə nail olan kimi sənə yuxarıdan aşağı baxır. Evimiz qonaq-qaralı idi. Mənim kənddəki evimdə nazir də çörək kəsib. 

- Hansı nazir?

- O vaxt Kazbinov soyadında Kənd təsərrüfatı naziri var idi, bizə gəlmişdi. May ayı idi. Gözəl bağımız var idi. Bağı-bağçanı özüm salmışam. Həyət elə bil park idi. O kişi bizə gələndə balaca qızını da gətirmişdi. Həyətdə kartof soyurduq. Kartofun suyu daşdı, həyəti buladı. Bir az utandım. Ancaq gilaslar qızarmışdı,əyilib qarağatların üzərinə düşmüşdü. Kişi qışqırıb dedi ki, bura cənnət-məkandır. 

- Yoldaşınız nə işlə məşğul idi?

- İxtisasca aqronom idi. İşlədiyi illərin hamısında mükafat alıb. 2000- ci ilin oktyabrın 19-da dünyasını dəyişib. Yatanda dedi ki, mən bu yastıqdan qalxan deyiləm. Dedim, niyə elə deyirsən? Hamı xəstələnir. Əlini uzadıb dedi ki, mağarımı ordan qurdurarsan. Mərəkəmdə çörəyimi bol edərsən. Çünki mən çörəkli kişi olmuşam. Bir də dəfn edəndə qəbiristanlığın arxasında dəfn etməzsiniz. Elə yerdə dəfn etmişik ki, camaatın keçdiyi yerdir. Baxan ona rəhmət oxuyur. Hətta camaat ona Məhəmməd peyğəmbər adını vermişdi. Peyğəmbərin haqqında çox oxumuşam. Bu kişinin bütün hərəkətləri, insanlarla davranışı, boyu, barmağının gödəkliyi, əllərinin ağlığı, qırmızı yanaqlı olması peyğəmbərə bənzəyirdi. Fəqir- füqəraya əl tutan biri idi. Hamıyla ikiəlli görüşürdü. 

- 19 ilin yoxluğu sizə necə təsir edir?

- Bu 19 ildə bir dəfə də yuxuma girmədi. Yalnız bir dəfə yatdığım yerdə aynadan “Ay Tovuz” deyib səslənib keçdi. Deyirlər ki, istədiyindədir, səni incitmək istəmir, ona görə yuxuna gəlmir. Mən həmişə qəbiristanlıqda onu ziyarət etmişəm. Onun yanında da özümə yer saxlamışam. Vəsiyyət etmişəm ki, başdaşıma bir bənd şeirim yazılsın. İki dənə şəklim qoyulsun. Biri cavanlıq, biri də qocalıq. 

Vuruldum gözəlliyinə mən gülə-gülə,

Sən ey kainatın, tacı dünya.

Çox ömür yaşadım, sonu kədərli,

Əvvəli şirinli, sonu çox acı dünya.

(Başdaşına yazılacaq şeir)

- Neçə nəvəniz, neçə nəticəniz var?

- 24 nəvəm, 32 nəticəm var. Yaxında kötükcəm də olacaq. Nəticələrimdən hərbi xidmətdə olanlar var. Onların yolunu gözləyirəm. 

- Nəvəniz şəhid İlqar Verdiyevi necə xatırlayırsınız?

- İlk nəvəm idi. Türkiyədə hərbi təhsil alıb qayıtmışdı. Onu özüm saxlamışdım. Nəvə-nəticələrinin hamısına eyni gözlə baxıram. Məni əyən İlqarın ölümü oldu. Balamın balasını necə istəməyə bilərəm? Bu saat da yadıma düşəndə kədərlənirəm. 

- Bu yaşda necə gümrah qala bilmisiniz?

- Əvvəla, mən atadan-anadan sağlam böyümüşəm. Bir də ki, mənim belə gümrah qalmağımın səbəbi yoldaşım və balalarımın mənə qarşı sədaqəti olub. İnsan balalarından inciyəndə pis olur. Amma mən inciməmişəm. Ölümüm onların qabaqlarında olsun. Amma mən hələ belə övladlar görməmişəm. 

- Neçə il müəllim işləmisiniz?

- 39 il müəllim işləmişəm. Sinif rəhbəri də olmuşam. Tələbələrim içərisindən yaxşı həkimlər yetişib. İçlərindən dünyasını dəyişənlər də var.

İndiki uşaqlar zəhmətdən qaçırlar. Onların tərbiyəsi ilə bizim vaxtımızdakı kimi məşğul olmaq çətindir. Bunların həyata baxışı, dünyagörüşü başqadır. Müəllimlər dodağı pomadalı, saçı kəsik girir içəri. Belə uşağa necə tərbiyə vermək olar? Mən balalarımı, nəvələrimi heç vaxt qabağıma qoyub belə edin deməmişəm. Bizim öz hərəkətimizdən, davranışımızdan görüb götürüblər. 8 uşaq böyütmək zarafat deyil. 

Bizim həyətimiz çox genişdir. Torpağı sevən adamam. O ailəyə gedib düşəndən sonra mən əkinçi, biçinçi, oraqla otçalan, bellə yer qazan, kartof sulayan, xiyar əkən, ağac budayan oldum. Topağı iyləyib nəfəsimə çəkirdim. Çünki külli- kainatı bu torpaq yaşadır. Torpaq, vətən gözəldir. Onu sevmək lazımdır. 
 
- Bildiyimə görə yaxşı səsiniz var.

- Mobil Əhmədovla bir sinifdə oxumuşam. Onun atası bizim ədəbiyyat müəllimimiz idi. Özfəaliyyət dərnəyində həmişə xalq mahnılarını oxuyurdum. Hətta 1948- ci ildə bizi bir rayona apardılar. Orada konsert verdik. “Apardı sellər Saranı” mahnısını oxudum. O yarışmada da istedadları axtarırlarmış. Səsim xoşlarına gəlib götürüb adımı yazıblar. Məni Bakıya aparmalıdırlar. Bu xəbərdən anam agah oldu. Tez direktorun yanına getdi ki, ay qadan alım, o qızın adını oradan sil. Məni qoymadı Bakıya.

Günel Türksoy

Fotolar-Video: Nuran Məmmədov