““Novo Nordisk” Qarabağa dərman ixrac etməyib” - XİN-dən açıqlama

novo-nordisk-qarabaga-derman-ixrac-etmeyib
Oxunma sayı: 749

Danimarkanın dərman preparatları istehsalçısı olan “Novo Nordisk” şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimə dərman məhsullarının satışının həyata keçirilməsi haqqında məlumat Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyi tərəfindən araşdırılıb.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.  

Araşdırma nəticəsində müəyyən olunub ki, Danimarkanın “Novo Nordisk” şirkəti Dağlıq Qarabağ ərazisində heç bir iqtisadi fəaliyyətlə məşğul deyil.

XİN bəyan edib ki, həmin şirkətin Dağlıq Qarabağ ərazisində  heç bir ticarət müqaviləsi mövcud deyil və ora heç bir məhsul ixrac edilməyib.

“Bu məlumatı öz məktubunda təsdiq edən Danimarka şirkəti Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət etdiyini və Azərbaycanın milli qanunvericiliyi, eləcə də beynəlxalq hüquqa uyğun fəaliyyət göstərdiyini xüsusi olaraq vurğulayıb”- deyə XİN-in məlumatında bildirilib.

Danimarka şirkəti, həmçinin mətbuatda bu cür xəbərlərin yayılmasından narahat olduğunu və “Novo Nordisk”in Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu qeyd edib.